Nağıllar, hekayələr

Özbək xalq nağılı. Qələm və siçan

Tərcümə edən: Gülnar Nəzərova

 

Biri var idi, biri yox idi, bir qələm və bir siçan var idi. Günlərin bir günü sahib Valijon qələmini masanın üzərində unutdu. Bu vəziyyətdən istifadə edən siçan yuvasından çıxdı və qələmi dişinə alıb cəld qaçdı.

 

- Xahiş edirəm, məni burax! – deyə qələm yalvarmağa başladı. Mənə nə edəcəksən? Axı mən taxtadan düzəldilmişəm, məni yemək olmur.

 

- Dişlərim qaşınır, ona görə də səni dişləmək istəyirəm, – deyə siçan cavab verdi və qələmi sərt şəkildə dişlədi.

 

- Ağrıyır, – qələm qışqırdı və sonra sözlərinə davam etdi: Mən rəsm çəkməyi çox sevirəm. Olarmı son dəfə bir rəsm çəkim?

 

Siçan razılaşdı. Qələm güclə nəfəsini dərib ağ kağıza böyük bir dairə çəkdi.

 

- Bu nədir? Pendirdir? – deyə siçan maraqla soruşdu.

 

- Bəlkə də, – deyə qələm sakitcə cavab verdi və sonra çəkməyə davam etdi.

 

O, rəsmə əvvəlcə üz, sonra qulaqlar, sonra isə iri gözlər əlavə etdi.

 

- Axı bu bir pişikdir! Xahiş edirəm çəkmə daha! – deyərək siçan qaçaraq yuvasına getdi.

 

- Bəli, bu əsl pişikdir! – deyə qələm bərkdən qışqırdı.

 

Bu hadisədən sonra siçan bir daha öz yuvasından çıxmadı. Valijonun qələmi isə hələ də salamatdır, ancaq bir az kiçilmişdir.