Şeirlər

Fikrət Qoca. Hər gecə Xocalıda

Hər gecə Xocalıda 
Canım ağrıyır mənim. 
Güllələnən qocaya, 
Parçalanan körpəyə 
Ruhum ağlayır mənim. 
Hər gecə Xocalıda 
Göytürklərin ruhunda 
Yanıq yeri sızlayır. 
Gülməyi unutmuşam,
Xocalının qisasın 
Alanda güləcəyəm. 
Mən öləndən sonra da 
Xocalıda yenidən 
Dünyaya gələcəyəm. 
Bu qisası alınca, 
Ölüb-diriləcəyəm 
Hər gecə Xocalıda.