Nağıllar, hekayələr

Valentin Berestov. Leylək və Bülbül

Əvvəllər quşlar oxuya bilmirdilər. Bir dəfə onlar eşitdilər ki, uzaq ölkələrin birində qoca, müdrik musiqiçi yaşayır. O, arzu edənlərə oxumaq öyrədir. Quşlar Leyləyi və Bülbülü onun yanına göndərdilər.

 

Leylək çox tələsirdi. O, dünyada ilk müğənni-quş olmaq istəyirdi.

 

Leylək elə tələsirdi ki, qapını döymədən musiqiçinin evinə soxuldu. Heç salamlaşmadı da. Var gücü ilə qışqırdı:

 

– Ey, qoca! Tez ol, mənə oxumaq öyrət!

 

Amma müdrik qoca əvvəlcə onu tərbiyə etmək istədi. O, Leyləyi bayıra çıxarıb qapını döydü və dedi:

 

– Bax belə etmək lazımdır.

 

– Hər şey aydındır! – deyə Leylək sevindi. – Oxumaq elə budur?

 

Bu sözlərlə Leylək uçub getdi. O, hamını öz sənəti ilə heyrətləndirməyə tələsirdi.

 

Bülbül isə öz balaca qanadları ilə xeyli sonra uçub gəldi. Qapını ehmalca döydü, qoca ilə salamlaşdı, narahat etdiyi üçün üzr istədi və musiqi öyrənmək arzusunu bildirdi.

 

Qoca musiqiçinin nəzakətli quşdan xoşu gəldi. Nə bilirdisə, ona öyrətdi.

 

O vaxtdan Bülbül dünyada ən gözəl müğənni oldu.

 

Leylək isə ancaq dimdiyini şaqqıldada bilir. Hələ bir öyünür və başqa quşlara da dərs verirdi:

 

– Ey, eşidirsiniz! Bax belə, bax belə etmək lazımdır! Əsl musiqi elə budur. İnanmırsınızsa, qoca musiqiçidən soruşun!