Nağıllar, hekayələr

Xalqın malını xalqa satmazlar

Xalq mahnıları Azərbaycan xalqının mədəni irsinin ən dəyərli nümunələridir. Adından da göründüyü kimi, xalq mahnılarının ayrıca  adı yoxdur. Onlar əsrlər boyu yaranmış, dildən-dilə keçmiş və bu günədək gəlib çatmışdır. Xalq mahnılarının yaşamasında və təkmilləşməsində ustad xanəndələrin böyük rolu olmuşdur.

 

Belə xanəndələrdən biri də Cabbar Qaryağdıoğludur. Cabbar Qaryağdıoğlu Şuşada anadan olmuşdur. O, xalq mahnılarımızın və muğamlarımızın ən mahir bilicilərindən idi. 83 il ömür sürmüş böyük sənətkar camaat arasında “Cabbar əmi” kimi məşhur idi. 500-dən çox mahnının toplanıb yazıya alınmasında Cabbar əminin misilsiz rolu olmuşdur.

 

Bir dəfə dahi bəstəkar Üzeyir Hacıbəyli Cabbar əmini özünün iş yerinə dəvət edir. Salam-kalamdan sonra deyir:

 

– Cabbar əmi, sən bu qədər xalq mahnısını itib-batmağa qoymadın.

 

Sənin köməyinlə biz onların həm musiqisini, həm də sözlərini toplamışıq. İndi hökümət sənin bu əməyini qiymətləndirmək istəyir.

 

– Nə qiymət? – deyə Cabbar Qaryağdıoğlu təəccüblə soruşur.

 

– Böyük bir şey deyil, – deyə Üzeyir bəy cavab verir, – istəyirik sənə zəhmət haqqı verək.

 

Böyük bəstəkarımız sözünü bitirməmiş Cabbar əmi əsəbi şəkildə ayağa qalxır. Narazı halda deyir:

 

Canım, eyib deyil? Bəs el-oba mənə nə deyər? 60 ildir mən bu mahnıları xalqdan öyrənirəm. Onların sayəsində azdan-çoxdan şan-şöhrətə çatmışam. İndi deyirsiniz, bu mahnıları təzədən xalqa satım? Belə iş olar? Üzeyir bəy, incimə, bu, xalqın malını oğurlamaqdır. Mən buna heç vaxt razı olmaram.

 

Üzeyir bəy çox deyir ki, Cabbar əmi, hökumətin verdiyi pul sənin halal haqqındır, amma Qaryağdıoğlu heç cür razı olmur. Qapıya tərəf gedir, otaqdan çıxmazdan əvvəl geri çevrilir, üzünü dahi bəstəkara tutub deyir:

 

– Nə vaxt istəsəniz, çağırın gəlim, hansı mahnının sözü, musiqisi lazımdır, mən oxuyum, siz yazın. Amma xahiş edirəm, bir də pul məsələsinə görə məni bura çağırmayın.