Nağıllar, hekayələr

Kəpənəyin nağılı

Biri vardı, biri yoxdu, bir Tırtıl vardı. Bu Tırtıl bütün günü güzgüyə baxıb deyirdi:


- Görəsən, neyləsəm, hamıdan gözəl olaram? Hansı paltarda qəşəng görünərəm? Saçlarımı nə cür yığsam, mənə çox yaraşar? Necə yerisəm, hamı mənə baxar? “Gözəllik ondur” deyiblər, amma doqquzu dondur.Gərək qırmızı paltar tikdirib geyinəm ki, gözəl görünəm. Yox, sarı paltar daha maraqlıdır – özü də zolaqlı. Yox, onda arıya oxşayaram. Yaxşısı budur, ağ paltar geyinim. Yox, onda buluddan seçilmərəm. Qara paltar yaxşıdır. Ciddi görünərəm. Yox, onda qaranlıqdan seçilmərəm. Yaşıl paltarda isə yaşıl ota oxşayaram. Mavi paltarda suda itərəm. Başım dedim, saçım yadıma düşdü. Saçımı necə darayım, neçə hörük horüm? Aman, başımı itirmişəm. Heç kəs mənə kömək eləmir. Bilmirəm necə geyinim?


Tırtıl qarşısına kim çıxsaydı, onunla saatlarla modadan danışar, ayrılanda isə deyinərdi:


– Heç modadan başı çıxmır, zövqü yoxdu!


Bir az böyüyən kimi Tırtıl qəşəng bir Kəpənəyə döndü. Gözəlləşən kimi də dostlarını atdı, daha onları bəyənmədi. Yaxın dostu Tarakanı da acıladı:


– Qapqarasan, mənim yanımda pis görünürsən. Mən bir dənəyəm, heç kəs mənə tay olmaz!


Kəpənək lap başını itirmişdi. Hamını acılamağa başlamışdı. Fikri-zikri ancaq bəzənmək idi. Bilmirdi, özünə nə rəngdə paltar alsın. Bir qərara gələ bilməyib, qonşuluqda yaşayan başqa bir kəpənəkdən soruşdu:


– Mənə necə paltar daha çox yaraşar? Görəsən, indi moda necədi?


– Bilmirəm, mən hansı paltarı tiksəm, onu da geyinirəm.

 


Sonra o, bir başqa kəpənəkdən də eyni şeyləri soruşdu. Onlara da “zövqləri yoxdu” deyindi. Sarı, zolaqlı arını görüb, özünə həmin paltardan tikdirdi.


– Arısan?


– Ondan soruşdular.


– Yox, Kəpənəyəm!


O qədər belə cavab verdi ki, axırda yoruldu. Qərara gəldi ki, paltarını dəyişsin. Parabüzəndən soruşdu:


– Bilmirsən, son moda nədir?


– Qırmızı paltar, üstündə də qara xallar!


Kəpənək qırmızıxallı paltar geyinəndə ona güldülər:


– Elə bil parabüzənsən!


Beləliklə, Kəpənək gündə neçə dəfə paltar dəyişdi. Amma paltarlar Kəpənəyi doğrudan da çox gözəl göstərirdi.


Hamının Kəpənəyi tərifləməsi, onun gözəlliyindən danışması paxıl Hörümçəyi lap bezdirmişdi. Bir gün o, tor atıb Kəpənəyi tora saldı. Kəpənək nə qədər çalışdısa da, tordan xılas ola bilmədi. Qışqırıb köməyə çağırdı:


– Kömək eləyin!.. 


Kəpənəyin köhnə dostu Tarakan qorxmadan torları kəsib, Kəpənəyi xilas elədi. Kəpənək dostlarını atdığına çox peşman oldu. O, böyük bir süfrə açıb, bütün dostlarını qonaq çağırdı.