Nağıllar, hekayələr

Tamara Kryukova. Dinozavr balası anasını axtarır

Yumurtadan balaca bir dinozavr çıxdı. Ətrafa baxdı - nə ana, nə ata, nə nənə, nə də baba var. Nə etmək olar!? Onları axtarmaq lazımdır!

 

Kiçik dinozavr ot çeynəyərək anasını axtarmağa getdi. Az getdi, çox getdi,  böyük bir dinozavra rast gəldi.

 

- Böyük dinozavr, təsadüfən mənim anam deyilsən? - kiçik dinozavr soruşdu.

 

- Xeyr, kiçik dinozavr,  deyə böyük dinozavr cavab verdi. - Mən sənin anan deyiləm. Bax, mənim quyruğum qısadır, səninki isə uzundur. Mən sənin anan ola bilmərəm.

 

Kiçik dinozavr deməyə söz tapmadı, ah çəkdi, ot çeynəyərek yeriməyə davam etdi. Az getdi, çox getdi, yenə başqa böyük bir dinozavra rast gəldi.

 

- Böyük dinozavr, təsadüfən anam deyilsən? - kiçik dinozavr soruşdu.

 

- Xeyr, kiçik dinozavr, deyə böyük dinozavr cavab verdi. - Mən sənin anan deyiləm. Bax, mənim başım böyükdür, səninki isə kiçikdir. Mən sənin anan ola bilmərəm.

 

Nə etmək olar!? - balaca dinozavr ah çəkdi, ot çeynəyərək yeriməyə davam etdi. Az getdi, çox getdi, yenə daha bir başqa böyük dinozavra rast gəldi.

 

- Böyük dinozavr, təsadüfən mənim anam deyilsən? - kiçik dinozavr soruşdu.

 

- Xeyr, kiçik dinozavr, deyə böyük dinozavr cavab verdi.- Mən sənin anan deyiləm. Bax, mənim başımda 3 buynuzum var, sənin buynuzun isə yoxdur. Mən sənin anan ola bilmərəm.

 

Eh, nə etmək olar!? - balaca dinozavr yenə ah çəkdi, ot çeynəyərək yenidən yeriməyə davam etdi. Az getdi, çox getdi və qarşısında  başqa bir böyük dinozavr gördü.

 

- Böyük dinozavr, təsadüfən mənim anam deyilsən? - kiçik dinozavr bikef şəkildə ondan soruşdu.

 

- Xeyr, kiçik dinozavr, deyə böyük dinozavr cavab verdi. - Mən sənin anan deyiləm. Bax, mənim belimdə sümükdən çıxıntılar var, sənin belin isə hamardır. Mən sənin anan ola bilmərəm.

 

Nə etmək olar!? - balaca dinozavr ah çəkdi, ot çeynəyib yeriməyə davam etdi. Az getdi, çox getdi və birdən böyük bir sahəyə çıxdı, orada  uzun boyunlu, kiçik başlı və uzun quyruqlu çoxlu böyük dinozavrlar gördü. Bəziləri ağaclardan ot və ya yarpaq çeynəyir, bəziləri isə çayda üzürdülər.

 

- Böyük, dinozavrlar! - balaca dinozavr ucadan dedi. - Bəlkə aranızda kimsə mənim anamdır?

 

Böyük dinozavrlar kiçik başlarını ona tərəf çevirdilər və onlardan biri dedi:

 

- Balaca dinozavr, sənin ananın kim olduğunu bilmirik, amma sənin bizdən olduğuna əminik. Bax, sənin də bizim kimi kiçik bir başın, hamar kürəyin və uzun bir quyruğun var. Bizimlə qal və biz sənin anan və atan, nənə-baban, qardaş-bacın olacağıq.

 

Kiçik dinozavr sevindi və böyük dinozavrlarla yaşamağa davam etdi.