Nağıllar, hekayələr

Boris Polevoy. Mən gölməçələrdən atıla bilirəm

Avstraliya yazıçısı Alan Marşalla tanış olmamışdan əvvəl onun “Mən gölməçələrdən atıla bilirəm” kitabını oxumuşdum. Çox səmimi yazılmış bu kitab məni valeh eləmişdi. Kitabda ağır xəstəlikdən sonra əlil olan kiçik bir oğlan uşağından bəhs edilirdi. Əsərdə onun iztirabları, qoltuq ağaclarından istifadə edərək müstəqil gəzməsi təsvir olunmuşdu. Təbiətin qüdrəti fonunda balaca, cəsur insanın dərdi xüsusi həssaslıqla qələmə alınmışdı. Əsər uşaq ədəbiyyatı sayılsa da, mənim kimi gəncliyi arxada qalmış bir şəxsi öz dərin nikbinliyi ilə cəlb etdi. Yazıçının özünün də əlil olduğunu bilirdim. Mən onu müdrik qəmli baxışlarla dünyaya baxan çəlimsiz biri kimi təsəvvür edirdim.

 

Sonra o, Moskvaya gəldi. Bunu eşidəndə təəccübləndim. Avstraliyadan təyyarə ilə bu qədər uzaq məsafəni, özü də yol boyunca bir təyyarədən düşüb başqasına minməklə qət etməyi qoltuq ağacları ilə hərəkət edən insan necə bacarmışdı. Bizim ədəbiyyat klubunun restoranında görüş təyin etmişdik. Mən görüşə bir qədər gecikdim. İçəri girəndə restoranda adam çox deyildi. Bilirdim ki, Alan artıq buradadır. Gözlərim müdrik, kədərli baxışları olan adamı axtardı.

 

Birdən ingilisdilli ədəbiyyatın biliciləri olan dostlarımın əyləşdiyi stolun arxasından pəhləvan cüssəsi, qaraşın üzü, parlaq gözləri mehriban təbəssümlə işıqlanan bir nəfər qalxdı. Mənə baxıb gülümsədi, görünür, nəzərlərimlə başqasını axtardığımı başa düşmüşdü. Birdən mən pəhləvanın duruşunda qəribəlik sezdim. O, güclü əllərini stola dirəyərək dayanmışdı. Beləcə tanış olduq. Tanışlığımızın ilk günündə təsəvvürümdəki kədərli baxışları olan müdrik, əzabkeş insan obrazı əriyib yox oldu. Qüvvətli gövdəsi hərəkətsiz, nazik ayaqları üzərində dayanmışdı. Əlbəttə, qoltuq ağacı da var idi. Buna baxmayaraq, bu insan son dərəcə çevik idi, cəld hərəkət edir, bədənini yüngülcə, hətta deyərdim ki, zərifliklə daşıyırdı. Bu zaman onun üzündə gümrah, nikbin bir ifadə olur, işıqlı gözlərində isə yumor qığılcımları parlayırdı. Sonra daha yaxından tanış olduq və mən gördüm ki, taleyin amansızlıqla incitdiyi bu adama əlil sözü ən az yaraşan sözdür. Qətiyyən şişirtmədən deyə bilərəm ki, tanıdığım və dostluq etdiyim çox sayda yazıçılar arasında onun qədər fəal, çevik, hərəkətli biri yox idi. O öz böyük ölkəsində daim səfərlərdə olur, material toplayır, mühazirə oxuyurdu. O öz xalqının bütün qayğılarından, işlərindən xəbərdar və ölkəsinin ən fəal vətəndaşlarından biri idi.