Nağıllar, hekayələr

Xoşbəxtliyin sirri

Bir nəfər oğlunu xoşbəxtliyin sirrini öyrənmək üçün dünyanın ən bilikli insanının yanıına göndərir. Oğlan qırx gün yol getdikdən sonra gözəl bir saraya çatır. Həmin bilikli insan burda yaşayırmış. Oğlan içəri daxil olduqda maraqlı mənzərə ilə qarşılaşır.

 

Hamı gedib-gəlir, insanlar bir kənarda söhbət edir, musiqiçilər gözəl mahnılar ifa edirlər. Bir tərəfdə ləziz yeməklər düzülmüş masa da var. Bilikli qoca sıra ilə insanlarla söhbət edirdi. Oğlan sırasını gözləməli olur. Sırası çatanda qoca vaxtının olmadığını bildirir. Bir-iki saat sarayı gəzib-dolaşmağı, sonra onun yanına gəlməyi tapşırır:

 

– Səndən bir xaişim olacaq. İçində iki damcı yağ olan bu qaşığı da dağıtmadan özünlə bərabər gəzdir.

 

Oğlan razılaşır və sarayı gəzməyə başlayır. Hər yeri gəzdikdən sonra müdrik qocanın yanına qayıdır. O soruşur:

 

– Saraydakı gözəllikləri gördünmü?

 

Oğlan heç nə görmədiyini boynuna alır. Müdrik insan baxır ki, yağ da dağılmayıb. O deyir:

 


– Yenidən get və dünyanın gözəlliklərini, nemətlərini görməyə çalış.

 

Oğlan ürəklə sarayı gəzməyə yollanır. Sarayın divarlarındakı hikmət dolu yazıları oxuyur, həyətdəki güllərin, çiçəklərin gözəlliyini gördükcə heyran qalır. Sonra qocanın yanına qayıdır. Gördüklərini bir-bir danışmağa başlayır. Müdrik insan oğlandan qaşıqdakı yağı soruşur. Qaşıq boş idi. Oğlan gözəllikləri görməyə çalışdığından qaşıqdakı yağı unutmuşdu. Müdrik deyir:

 

– Oğlum, sənə bir öyüdüm var. Xoşbəxtliyin sirri dünyanın bütün gözəlliklərini görə bilməkdir. Amma qaşıqdakı iki damcı yağı unutmadan…