Nağıllar, hekayələr

Əli Vəliyev. Qənirsiz gözəl

Səni bu qədər sevməyim səbəbsiz deyildir. Əlvan çiçəkli Cıdır düzündə axşamlar gəzməyə çıxanlar heç vaxt unutmazlar ki, havan loğmandır. Boy-buxunları müxtəlif, yarpaqları cürbəcür olan ağacları ilə vüqarlanan, İsa bulağı ilə öyünən, Xəlifəli meşəsində dincələnlər təsdiq eləyərlər ki, may-sentyabr aylarında ətrafın gülüstan qoxuyur, suyun şərbət dadır. Növbənöv quşların ürəkaçan mahnılarını dinləyənlər, Ərimgəldidə oturub Qarabağın aran tərəflərindən uzanan dolayı yollara göz dikənlər bilirlər ki, nə yüksək, nə ucasan, Şuşa! Uzanan dolayı yollara göz dikənlər bilirlər ki, Sarıbaba dağlarından saxsı tünglə çəkilmiş “Xan qızının suyu ilə məşhurlaşmış bulaqlardan gələn su şəfa qaynağı, dərdlər dərmanıdır. Böyük və kiçik yarmanlardan adlayıb, Korun karvansarasında Zarıslı qaymağı yeyənlər, bir az dincələndən sonra Sağsağanlı yaylağında istirahət edənlər sözümə haqq verərlər ki, Turşsu təbiətin əvəzsiz nemətidir.

 

İmtahana hazırlaşdığımız vaxt dan üzü yuxudan qalxır, sənin zümrüd sinənə sərilir, oxuyub-yazırdıq. Səhər açılınca cavanların və uşaqların səsi quşların cəh-cəhinə qarışıb bizi valeh edirdi. Müəllim dostlarımdan birisinə üz tutub sual elədim:

 

— Nədəndir ki, Şuşadakı cavanların hamısı məlahətli səsə malikdir və gözəl oxuyurlar?

 

Dostum müxtəsər cavab verdi:

 

— Şuşanın suyu ilə havası səs üçün ən dəyərli dərmandır.

 

Hərçənd mən dostumun cavabından o qədər də razı qalmadım, ancaq bu sözdə həqiqət çox idi.

 

Dostumla bərabər Xan qızının bulağına sarı getdik. Krantlar sınmış, novlar xarab olmuş, binanın divarları çatlamış, üstü tökülmüşdü. Eşitdik ki, şirin su hamamı bağlanmış, meydandakı bulağın suyu dəyişdirilmişdir. Xan qızının evinin altında oturub üzüaşağı baxırdıq. Hava aydın və sərin idi. Birdən məlahətli bir səs diqqətimi cəlb elədi. Mən dərhal dostumu üstələməyə çalışdım:

 

— Yadındadırmı deyirdin Şuşanın suyu ilə havası xəstə üçün ən dəyərli dərmandır?!

 

Dostum vüqarını pozmadan dedi:

 

Mən sözümdən qaçmıram.

 

— Oxuyanın səsi xoşuna gəlirmi?

 

— Hədsiz dərəcədə.

— Özün gördün ki, Şuşanın suyu quruyub. Ancaq havası qalıb. Demək səs üçün suyun əhəmiyyəti yoxdur.

 

Dostum üzümə mənalı-mənalı baxıb başını buladı:

 

— Səsi diqqətlə dinlə, sonra nəticə çıxart.

 

— Hər kimdirsə, yaxşı səsi var, heyif ki, Bülbülü yamsılayır...

 

Bu zaman başqa bir səs də ucaldı. Eynən Cabbar Qaryağdıoğlu kimi zildən oxuyurdu.

 

— Bu da Cabbarı yamsılayır...

 

Dostum əlini çiynimə qoyub gülə-gülə dedi:

 

— Gözümün nuru! Əvvəlcə oxuyan Bülbül, indi oxuyan isə Cabbardır.

 

— Mənim əzizim, Bülbüllə Cabbar həyatda yoxdur.

 

Dostum əllərini ölçə-ölçə davam elədi.

 

— Cabbarla Bülbülün səsi həmişə eşidiləcəkdir. Vallara yazılmış bu səslər heç vaxt unudulmayacaq. Azərbaycan xalqı yaşadıqca, Şuşa şəhəri durduqca sevimli nəğməkarların səsi ölkəmizin hər guşəsindən ucalacaqdır.

 

Dostuma ciddi nəzər salıb dedim:

 

- Sözlərinin hamısı doğrudur. De görüm Şuşadan yeni Cabbarlar, Bülbüllər çıxacaqmı?

 

Dostum qəmgin çöhrəsini yana çevirdi. Güclə eşidilə biləcək tərzdə cavab verdi:

 

— Məncə, Xan Şuşa xanəndələrinin, yəni parlaq nəğməkarların son nümayəndəsidir.

 

Mən bir sual da verdim:

 

— Belə çıxır ki, daha şaqraq səsə həsrət qalacağıq?

 

— Mən o fikirdə deyiləm.

 

— Hərgah Sarıbaba suyu bu şəhəri sirab eləsə necə?

 

Dostum gözünü Xəlifəli meşəsinə zilləmişdi. Cabbarla Bülbülün səsi məni məst eləmişdi.

 

Başımız söhbətdən ayazıyanda yük maşınında istirahətdən dönən bir dəstə cavan gördük. İki oğlan “Qarabağ şikəstəsi”ni elə yanıqlı oxuyurdu ki... Mən dostuma baxanda o əvvəlcə başını tərpətdi, sonra gülümsündü.

 

Mən Azərbaycan musiqi üzüyünün bahalı qaşı olan nəğməkarları düşünür, ürəyimdə deyirdim: “Unudulmaz səs, unudulmaz söz, unudulmaz rəng təbiətin insanlara bəxş etdiyi ən qiymətli nemətidir...”