Nağıllar, hekayələr

Başqırt nağılı. Yaramaz pişik

Bir zamanlar qoca və qarı yaşayırdı. Onların qara rəngli, yaramaz bir pişikləri var idi. Qarı pişiyi çox sevirdi. Ancaq qarı tezliklə öldü və  qoca ilə pişik tək qaldılar.

 

Qarının ölümündən sonra pişiyi bəsləyəcək heç kim yox idi, çünki qoca onu sevmirdi.  Pişik öz yeməyini özü axtarmağa qərar verdi.

 

Pişik qonşuların zirzəmilərinə və damlarına dırmaşmağa başladı, onların yağlarını, xamalarını yeyib, südlərini içdi.

 

Bir gün qonşu pişiyi süd içən yerdə tutdu. Pişiyi qocanın yanına aparıb dedi:

 

- Budur, baba, sənin pişiyin! Onunla nə istəyirsən et, amma onu bir daha evimizin ətrafında görməyim! Artıq məndən oğurluq eləməyə vərdiş edib ...

 

Qoca qonşunun sözlərini dinlədi, ancaq heç nə söyləmədi: pişiyi öldürməyə yazığı gəldi. Pişiyi kisəyə qoyub meşəyə apardı.

 

Qoca uzun yol qət etdi. İki gün yol getdi, nəhayət bir dağın ətəyinə yaxınlaşdı və pişiyi kisədən çıxarıb meşəyə buraxdı.

 

- Başıma çox bəla gətirdin, səni-yaramaz, artıq burada qalacaqsan! İstədiyin kimi yaşa! - qoca dedi və evinə geri döndü. Pişik meşədə qalıb ətrafa baxdı. 

 

Gündüzlər pişik meşədə darıxırdı, gecə düşəndə ​​isə yaman qorxurdu, tükləri biz-biz dururdu.  

 

Bir gün pişik dəhşətli bir səslə miyoldamağa başladı, gözləri isə yaşıl parıltı verdi. Bir az dolaşdı, ətrafa baxdı və nəhayət bir dovşanla qarşılaşdı.

 

- Hara gedirsən, pişik? - dovşan ondan soruşdu.

 

- Mmya-oo, mmya-oo! Meşədəki bütün heyvanları yeməyə gedirəm! - pişik cavab verdi.

 

"Məni yememiş tez qaçım" - dovşan qorxu içində öz-özünə düşündü və bacardığı qədər pişikdən uzağa qaçmağa çalışdı. Tezliklə dovşan tülkü ilə qarşılaşdı.

 

- Nə olub, dostum? Niyə bu qədər qorxursan? Hara qaçırsan belə? - deyə tülkü soruşdu.

 

- Orada, meşədə, dağda bir pişik gəzir. Deyir: "Meşədəki bütün heyvanları yeyəcəm." Mən ondan qaçıram...

 

Tülkü dəhşətli xəbəri eşidib vahimələndi.

 

“Gəl birlikdə qaçaq!” - tülkü qorxaraq dedi və dovşanla birlikdə qaçdı.

 

Uzun müddət qaçdılar, nəhayət boz canavarla qarşılaşdılar.

 

- Hara qaçırsız, dostlar!  - canavar onlardan soruşdu.

 

- Orada, meşədə, dağda, dəhşətli bir pişik gəzir, meşədəki bütün heyvanları yemək istəyir, - dovşan və tülkü cavab verdilər.

 

Canavar da çox qorxdu və onlarla birlikdə qaçdı. Üçü də uzun müddət qaçdılar, nəhayət bir ayı ilə qarşılaşdılar.

 

- Hara qaçırsız dostlar, nə baş verib? Ovçu gəlib?

 

Ona da cavab verdilər ki, dəhşətli bir pişik peyda olub və meşədəki bütün heyvanları yeyəcək.

 

“Bəs deyin görüm hara qaçırsız?” - ayı onlardan soruşdu.

 

- Özümüzü dəhsətli pişikdən qurtarmalıyıq - dovşan, tülkü və canavar bir səslə cavab verdilər. - Hara qaçdığımızı özümüz də bilmirik!

 

- Yaxşı, onda mən də sizinlə qaçacam! - ayı qorxu içərisində onlara qoşuldu.

 

Dörd heyvan uzun-uzun qaçdılar, nəhayət yorğun düşüb bir ağacın altında istirahət etmək üçün dayandılar.

 

- Dostlar, ət bişirib pişiyi qonaqlığa dəvət etmək daha yaxşı deyilmi? - ayı dedi.

 

Hamısı razılaşdı. Ayı ət dalınca, canavar su dalınca, tülkü odun dalınca, dovşan isə pişiyi qonaq çağırmağa getdi.

 

Tezliklə ayı öküz əti, canavar su, tülkü isə odun gətirdi və əti bişirməyə başladılar. Ət çoxdan bişdi, amma dovşan və pişik hələ də ortalıqda yox idilər.

 

Bütün heyvanlar qorxdular.

 

- Görünür ki, pişik yazıq dovşanı yedi, indi isə bura bizim dalımızca gəlir, - bu cür düşünüb, hərəsi bir tərəfdə gizlənməyə başladılar.

 

Ayı hündür bir ağaca dırmaşdı, canavar kolların içində bir boşluq qazıb orada gizləndi və üstünü sarı, yerə düşmüş yarpaqlarla örtdü, tülkü isə çör-çöpün altında gizləndi.

 

Bu vaxt, dovşan pişiyi ilk gördüyü yerdə tapdı.

 

Dovşan qorxusundan titrəyib pişiyə yaxınlaşmadığı üçün uzaqdan ona səsləndi:

 

- Ey! Uca pişik! .. - dovşan qorxusundan başqa bir şey əlavə edə bilmədi.

 

Pişik dovşanın səsini eşitdi, yaşıl gözləri ilə ona baxdı və dovşanın yanına qaçdı.

 

"Heyrət! Vay! Məni yemək üçün qaçır! ”- qorxaq dovşan düşündü və qorxusundan huşunu itirərək yerə yıxıldı. Pişik isə ətin ləzzətli qoxusunu uzaqdan hiss edərək o istiqamətdə qaçdı. Nəhayət ayı, canavar və tülkü olan yerə gəlib çatdı. Pişik ətin yanına yaxınlaşdı və acgözlüklə yeməyə başladı. Ancaq ayının gətirdiyi öküz köhnə idi, ət sərt və az bişmişdi. Pişik yeyib ucadan xoruldadı.

 

Pişiyin xorultusundan tülkü qorxdu, daha da yaxşı gizlənmək istədi, yerində fırlandı və quyruğu iki budağın arasında sıxışdı.

 

Pişik çör-çöpün içində səs eşitdi, siçan olduğunu düşündü və tələsik çöplər tərəfə qaçdı.

 

Tülkü dəhşət içində pişiyin onu parçalayacağından qorxdu, çör-çöpün altından sıçrayıb, sıxılmış quyruğunu qopartdı və beləliklə qorxulu pişikdən uzağa qaçdı.

 

Pişik özü də tülküdən qorxdu; o, bir vaşak kimi sıçrayıb kolların arasına tullandı və dırnaqları ilə canavarın başını və gözlərini cırmaqladı.

 

“Vay, məni yemək istəyir!”- canavar düşündü və ağrıdan uladı, kolların arasından bacardığı qədər uzağa qaçdı.

 

Pişik canavarın gurultusundan qorxdu və bir dələ kimi ayının gizləndiyi ağaca tərəf tullandı.

 

Ayı bir pişiyin ona tərəf qalxdığını gördü və qorxudan yerə yıxıldı.

 

Vəhşi heyvanları bu qədər qorxudan pişik ağacın üstündə oturdu və özü qorxudan çətinliklə nəfəs aldı.

 

Ayı, canavar və tülkü müxtəlif istiqamətlərdə qorxu içində qaçdılar, nəhayət meşədə bir-birlərini tapdılar və dərənin dibində birlikdə istirahət etmək üçün oturdular.

 

- Yaxşı, deyin görüm necəsiz - sağsız? Ayı tülkü və canavardan soruşdu.

 

- Mən sağam, amma quyruğum yoxdur - pişik onu qopardı, deyə tülkü cavab verdi.

 

- Mən də sağam, ancaq bu pişiyin pəncələrindən yarı hissəmi itirmişəm; başımdakı bütün dərimi cırıb, - canavar dedi.

 

- Sən özünü necə hiss edirsən?-  canavar və tülkü ayıdan soruşdular.

 

- Pişik məni ağacdan yıxanda yalnız qabırğalarımı sındırdım - ayı inildəyərək cavab verdi.