Nağıllar, hekayələr

Gülşən Orucova. Sehrli torba

Səməd kənddə ən nadinc oğlan idi. Onun əlindən hamı təngə gəlmişdi. Bir adam yox idi ki, Səməd haqqında yaxşı söz desin.

 

Bir gün Eldar baba onu yanına çağırıb dedi:

 

– Səməd, istəyirsən, elə edim ki, heç kim səni danlamasın? – Heç kim? Heç vaxt? – deyə Səməd təəccübləndi. – Əlbəttə, istəyirəm.

 

– Onda bir şərtim var. Bu kisəni görürsən? Gərək onu xırda daşlarla doldurasan. Kisə dolandan sonra nə istəsən, edə bilərsən. Söz verirəm ki, heç kim səni danlamayacaq.

 

– Elə bu? Doğru deyirsən? Mən razı! Ver torbanı.

 

– Hə, lap yadımdan çıxmışdı. Sən bu kisəyə o vaxt daş ata bilərsən ki, bir xeyirxah iş görəsən. Birinə yaxşılıq etdin – bir daş, kömək etdin – bir daş. Ta kisə dolana qədər. Razısan?

 

Səməd bir az düşünüb razılaşdı. Baba kisəni həyətdəki ağacın budağından asdı.

 

Günlər keçir, Səməd hər gün kəndi dolaşır, biri üçün odun yarır, başqasına su daşıyır, yaşlılara kömək edir və hər yaxşı əməlindən sonra kisəyə daş atırdı. Hər dəfə də torbanın içinə baxır, səbirsizliklə onun dolmasını gözləyirdi.

 

Beləliklə, bir ay ötüb-keçdi. Bir gün Səməd gördü ki, kisə artıq dolub. O, sevinclə babasının yanına gəlib dedi:

 

– Baba, mən sən deyəni elədim. İndi nə istəsəm, edə bilərəm?


– Əlbəttə!


– Məni heç kim danlamaz ki?


– Yox, mənim balam, daha səni heç kim danlamayacaq.

 

Səməd sevincək həyətdən çıxdı. O, arxayın idi ki, indi onun qarşısını heç bir maneə kəsə bilməz.

 

Qonşuluqda Telli xala əyilib aşmış taxta çəpəri düzəldirdi. Səməd qaça-qaça gəlib çəpərə bir təpik vurmaq istəyirdi ki, birdən dayandı:

 

– Qoy bu gün də Telli xalaya kömək edim, sabahdan istədiyimi edərəm, – deyə fikirləşdi.

 

Beləcə, günlər keçdi. Amma Səməd bir daha nadinclik edə bilmədi. İndi kənddə heç kim onu danlamır.