Nağıllar, hekayələr

Topelius Sakarias. İki dəfə iki dörd edər

Meşədə Çəpgöz dovşan və Qırmızıquyruq dələ yaşayırdı. Onlar yaxşı dost və qonşu idilər. Dovşan, dələnin özünə yuva qurduğu küknar ağacının kökləri altında yaşayırdı. Hər səhər Çəpgöz və Qırmızıquyruq bir-birinə: "Sabahın xeyir!" deyir, axşam saatlarında isə bir-birlərinə: "Gecən xeyrə qalsın!" diləməyi heç unutmurdular. Buna görə də şirin yuxular görürdülər. 

 

Bir gün dovşan və dələ yaxşı əhval-ruhiyyədə oyandılar.

 

- Sabahın xeyir, Çəpgöz!

 

- Sabahınız xeyir, Qırmızıquyruq! Necə yatdın?

 

- Əla! - dələ cavab verdi - Düzdür, yuxuda Şarikin hürdüyünü eşitdim, amma buna əhəmiyyət vermədim.

 

- Əlbəttə! Şarikə kim fikir verir ki! - dovşan dedi, ancaq onun qısa quyruğu titrəməyə başladı.

 

- Dovşan, gəl gəzintiyə çıxaq!- Qrmızıquyruq təklif etdi.

 

"Yaxşı, mən razı! - deyə dovşan razılığını bildirdi.

 

Beləliklə, dostlar yola çıxdılar. Gəzinti boyu tapdıqları hər şeyi bərabər böldülər. Ağac başında meyvələrə rast gəldikdə, dələ  ağaca dırmaşırdı və meyvələri dostuna atırdı, kələm tarlasının yanından keçəndə isə dovşan tarlaya daxil olaraq tərəvəzləri kökündən gəmirərək çıxardıb dələyə gətirirdi.

 

Dostlar yaxşı bir səhər yeməyi yeyib, meşəyə qayıtmaq istədilər. Ancaq birdən yolda dovşan və dələ dörd iri, qırmızı rəngli alma gördülər. Onlar gözlərinə inana bilmədilər.

 

Deməli, bu yaxınlarda Karluşa bu yoldan keçib. O,  məktəbə gedirmiş və çuvalda alma aparırmış. Ancaq onun alma daşıdığı çuval deşik olub və almalar deşikdən çıxaraq yola yuvarlanıblar.

 

Dovşan və Dələ almaları bərabər bölməyə qərar verdilər.

 

"Gəl cəhd edək!"- dələ dedi.

 

Uzun müddət fikirləşdi, nəhayət paylaşdı: Dovşana bir alma verdi, özünə isə üçü alma qaldı.

 

"Dayan!" - dovşan dedi. - Burada nəsə düz deyil. İndi mən böləcəm.

 

Dovşan uzun müddət alnını və qulaqlarını pəncələri ilə sildi, amma sonunda alma bölündü: dələyə bir alma, dovşana isə - üç.

 

"İndi sənin səhv böldüyünü düşünürəm" dələ dedi.

 

Çəpgöz və Qırmızıquyruq saymaqda çox yaxşı deyildilər, amma yenə də üç almanın birdən çox olduğunu başa düşdülər.

 

Bu vaxt Karluşa almaları itirdiyini başa düşüb, geri döndü. Bir az gəzmişdi ki, dovşan və dələyə rast gəldi.

 

- Hey, Çəpgöz, Qırmızıquyruq, salam! Almalarımı gördünüzmü?

 

 - Xeyr, görməmişik! Ancaq özümüzün almaları var. Sən dörd almanı bərabər bölməyi bilərsən?

 

"Əlbətdə, bu çox sadədir!" Karluşa cavab verdi. - Hər birinizə iki alma düşəcək.

 

- O! Sən necə bildin?

 

- Axı mən məktəbə gedirəm! Orada çox şey öyrədirlər. Ancaq sonra Karluşa almaları gördü və qışqırdı:

 

- Bunlar mənim almalarımdır!

 

- O, bunu da bildi! Bu oğlan yəqin ki, hər şeyi bilir! - Qırmızıquyruq dedi.

 

- Məktəbə getmək və eyni dərəcədə ağıllı olmaq bizim üçün də yaxşı olardı- dovşan dedi.

 

-Yaxşı, mənimlə gəlin. Çantama girin və sakitcə oturun, çünki sinifdə heç kim səs çıxarmamalıdır,  hətta Şarik.

 

- Birdən Şarik bizi dişləsə necə olacaq? - qorxudan dovşan və dələ soruşdular.

 

- "O, heç dişləməyi bilmir, heç hürmür belə, ancaq gülür" - deyə Karluşa onları sakitləşdirdi.

 

Beləliklə, dostlar məktəbə getdilər.

 

Karluşa sinifdə yerinə keçdi. Tezliklə müəllim gəldi və dərs başladı. Sonra qapı sakitcə bir az açıldı və Şarik hiss olunmadan sinif otağına daxil oldu. Karluşanın stolunun altına keçərək gizləndi və vurma cədvəlini hamı ilə təkrarlamağa başladı, amma birdən bir şeyin qoxusunu aldı və mırıldamağa başladı.

 

- Şarik! Sən yenidən buradasan? - Müəllim soruşdu. - İndi çıx bayıra!

 

Ancaq Şarik heç bir şəkildə müqavimət göstərə bilmədiyi üçün yüksək səslə hürməyə başladı. Sonra masanın altından bir dovşan, ardınca bir dələ çıxdı. Onlar açıq pəncərədən hoppanıb qaçdılar, Şarik isə ucadan hürərək onların arxasınca qaçdı.

 

Şarik dovşanı, dələni az qalmışdı ki tutsun, ancaq xoşbəxtlikdən artıq meşəyə çatmışdılar. Dələ dərhal ağaca sıçradı, dovşan isə Şarikin dələyə hürməyindən istifadə edərək qaranlığın içində gözdən itdi.

 

Qırmızıquyruq yuvasında gizlənərək düşündü: “Yəqin dovşana görə Şarik özünü bu cür apardı! Axı Karluşa, Şarikin hürmədiyini, ancaq güldüyünü söylədi. "

 

“Bu dələ qorxaqdır! - deyə dovşan kolun altında gizlənərək düşündü. "Axı Karluşa Şarikin dişləmədiyini söylədi."

 

Çəpgöz və Qırmızıquyruq həyatlarında ilk dəfə bir-birlərinə "Gecən xeyrə qalsın!" diləmədən yatmağa getdilər. Bütün gecə onların dalınca düşən Şariki yuxularında gördülər. Şarik at kimi hündür idi və ağaclara dələdən yaxşı dırmanırdı.

 

Növbəti səhər dovşan və dələ sübh tezdən oyandı və bir- birini salamlamağa can atdılar:

 

- Sabahınız xeyir, Çəpgöz!

 

- Sabahınız xeyir, Qırmızıquyruq! Yeri gəlmişkən, bu Şarikin nə qədər axmaq olduğunu gördün!? Məni tuta biləcəyini xəyal edirdi!

 

- Diqqət yetirdinmi, ümumiyyətlə ağaclara necə dırmaşacağını heç bilmir?

 

"Heç gülməyi bilmir," dovşan dedi, - sadəcə adi bir it kimi hürür. Xeyr Karluşa hər şeyi bilmir!

 

- Vurma cədvəlini bilmək vacib ola bilər. Ancaq iki dəfə ikinin dörd olduğunu bilirsənsə, bu hər şeyi bildiyin anlamına gəlmir, - dələ də öz fikrini bildirdi.

 

- Tamamilə doğrudur, çünki dünyada hər şey "iki dəfə iki - dörd edər" kimi o qədər də sadə deyil.