Nağıllar, hekayələr

Lev Tolstoy. Qu quşları

Qu quşları soyuq yerlərdən isti torpaqlara tərəf sürü ilə uçurdular. Onlar dənizin üstündən gecə-gündüz, hər açılan yeni gün, dayanmadan uçurdular.

 

Səmada bütöv ay göründü. Bütün qu quşları acıb susamışdılar, aşağıda olan mavi suyu isə  görürdülər, lakin dayanmadan, qanadlarını çırparaq, elə hey uçurdular.

 

Yaşlı, güclü qu quşları öndə, daha gənc və zəif olanlar isə arxa cərgədə uçurdu. 

 

Bir gənc qu quşu hamısından arxada uçurdu. Gücü zəifləmişdi, qanadlarını çırpdı və artıq uça bilmədi, qanadlarını açıb aşağı endi. Getdikcə suya yaxınlaşdı; yoldaşları isə ayın işığında daha da uzaqlaşırdılar. Qu quşu suya endi və qanadlarını bükdü.

 

Dənizin suyu onun altında yellənərək onu silkələyirdi. Qu quşu sürüsü parlaq səmada ağ bir xətt kimi artıq uzaq görünürdü. Artıq sükutda onların qanadlarının çırpınışı çətinliklə eşidilirdi. Tamamilə onlar gözdən itəndə isə qu quşu boynunu bükdü və gözlərini yumdu. Hərəkət etmədi və yalnız qalxıb düşən dəniz onu qaldırıb endirirdi. 

 

Sübh açıldı, yüngül bir meh dəniz suyunu yelləməyə başladı. Su isə qu quşunun ağ sinəsinə sıçrayırdı. Qu quşu gözlərini açdı. Şərqdə şəfəq qırmızıya dönmüşdü, ay və ulduzlar daha solğun idilər. Qu quşu ah çəkdi, boynunu uzadıb qanadlarını açdı, sonra qanadlarını çırparaq suyun üstündən uçmağa başladı. Getdikcə daha yüksəklərə qalxdı və qaranlıq dalğaların üstündə tək uçdu.