Təbiət

Azərbaycanın relyefi

Azərbaycanın iri relyef formaları tektonik proseslər nəticəsində əmələ gəlmişdir. Bu formalar yüz və minlərlə kvadrat kilometr əraziləri əhatə edən tektonik zonalara uyğun gəlirlər.

 

Tektonik zonalar Yer qabığının üfüqi və şaquli hərəkəti nəticəsində yaranır. Şaquli tektonik hərəkətlər qalxan və ya enən ola bilir. Qalxan hərəkətlər tektonik qalxma zonaları, enən hərəkətlər isə tektonik çökmə zonalarını əmələ gətirir.

Azərbaycan Respublikasının ərazisi Avrasiya litosfer tavası (Şərqi Avropa platforması) ilə Ərəbistan litosfer tavasının toqquşduğu sərhəddə yerləşir. Ərazi tamamilə Alp-Himalay qırışıq zonasına daxildir. Azərbaycan ərazisi 5 iri tektonik zonaya ayrılır:


1. Ön Qafqaz çökmə (əyilmə) zonasına Samur-Dəvəçi ovalığı, Qusar maili düzənliyinin bir hissəsi və Şollar düzü aiddir.


2. Böyük Qafqaz qalxma zonasına Böyük Qafqazın cənub və şimal-şərq yamacı, Abşeron- Qobustan və həmçinin də Qusar maili düzənliyinin bir hissəsi daxildir.


3. Kür dağarası çökəkliyi zonasına Qanıx-Əyriçay çökəkliyi, Acınohur-Ceyrançöl öndağlığı, Lənkəran və Kür-Araz ovalığı aiddir.


4. Kiçik Qafqaz qalxma zonası bütün Kiçik Qafqaz dağlarını, (o cümlədən, Naxçıvanın dağlıq hissəsini) və Talış dağlarını əhatə edir.


5. Orta Araz əyilməsinə Naxçıvanın Arazboyu maili düzənliklərinin əksəriyyəti daxildir.

 

Tektonik proseslər nəticəsində süxurlarda tektonik qırılmalar əmələ gəlir.

 

Belə qırılmalar relyefdə aydın əks olunur. Azərbaycanda düzənlik və dağlar arasındakı sərhədlər tektonik qırılmalar boyu keçir. Qırılmalar boyunca dağ yamacları dik olur, teztez sürüşmələr baş verir. Sürüşmələrin yaşayış massivlərinə, yol və bəndlərə, əkin sahələrinə mənfi təsirləri böyükdür. Bu ərazilərdə termal və mineral suların Yer səthinə çıxması ehtimalı böyükdür.

 

Quba-Xaçmaz, Lənkəran-Astara, Şəki-Zaqatala, Naxçıvandakı müalicəvi suların əksər hissəsi tektonik çatların üzərindədir.

 

Azərbaycanın çox hissəsi 7-8 ballıq, Gəncəətrafı ərazilər, Naxçıvanda Qapıcıq zirvəsi ətrafı və Böyük Qafqazın cənub yamacı (xüsusilə Şamaxı və onun ətrafları) 9-10 ballıq zəlzələ zonasına aiddir.

 

Azərbaycan ərazisi mürəkkəb geoloji quruluşa malikdir. Geoloji quruluş hər hansı bir ərazidə süxurların xüsusiyyətləri, yəni onların yaşı, mәnşәyi və yatım istiqamәtlәrini əks etdirir, milyon illər ərzində formalaşır.