Nağıllar, hekayələr

Həyat güzgüsü

Bir gün ata oğlu ilə meşədə gəzintiyə çıxır. Birdən ayağı ilişib yıxılır və “Off!..”, - deyə qışqırır. Qarşıdakı dağın zirvəsindən “Off” səsi eşidən uşaq təəccüblənir və:

 

“Sən kimsən?” - deyə qışqırır.

 

Aldığı cavab:

 

“Sən kimsən? - olur.

 

Qəzəblənən oğlan:

 

“Sən bir qorxaqsan!” - deyə yenidən qışqırır.

 

Dağın cavabı oğlanın sözləri ilə eyni olur.

 

Nə baş verdiyini anlamayan uşaq atasından bunun nə olduğunu soruşur.

 

Atası: ”Oğlum, dinlə və öyrən”, - söyləyir. O, dağa tərəf çevrilib:

 

“Sənə heyranam, sən möhtəşəmsən!” - deyə qışqırır.

 

Dağdan gələn səs təbii ki, atanın sözləri ilə eyni olur.

 

Oğlan nə baş verdiyini yenə də başa düşməmişdi.

 

Ata oğluna izah edir:

 

“Oğlum, insanlar buna əks-səda deyirlər. Əslində isə bu, həyatın özüdür. Həyat daima sənə sənin ona verdiklərini qaytarır. O, davranışlarımızın aynasıdır. Daha çox sev! Daha çox qayğı gözlədiyin zaman daha çox qayğı göstər! Hörmət istəyirsənsə, insanlara daha çox hörmət et! İnsanların səbirli olmasını istəyirsənsə, o zaman sən daha səbirli olmağı öyrən! Bu qayda həyatımızın bir parçasıdır və hər kəs üçün gərəklidir. Həyat bir təsadüf deyil, etdiklərimizin aynadakı əksidir”.