Bu maraqlıdır!

Coğrafi ünvanlar

Yer kürəsində hər hansı məntəqənin harada yerləşməsini qlobus və xəritələrə əsasən təyin etmək mümkündür. Bunun üçün, ilk növbədə, üfüqün cəhətlərini bilmək vacibdir. Qlobus və xəritələrdə yuxarı tərəf şimalı, aşağı - cənubu, sağ - şərqi, sol isə qərbi göstərir. Onların üzərində məntəqələrin dəqiq ünvanını eninə və uzununa çəkilmiş xətlərlə müəyyən etmək olar. Bu xətlər paralel və meridianlar adlanır.

 

Paralellər Yer üzərində şərqdən qərbə doğru çəkilmiş xəyali çevrələrdir. Ən uzun paralel ekvatordur. Ekvatoru Yer kürəsinin tənböləni adlandırırlar. O, Yeri Şimal və Cənub yarımkürələrinə bölür.

 

Ekvator çevrəsindən ən uzaqda yerləşən nöqtələr coğrafi qütblərdir.

 

Coğrafi qütbləri birləşdirən yarımçevrələr meridianlardır. London şəhəri yaxınlığındakı Qrinviç rəsədxanasından keçən meridian şərti olaraq başlanğıc meridianı kimi qəbul olunmuşdur.

 

Qrinviç meridianına əsasən Yer kürəsi Şərq və Qərb yarımkürələrinə bölünür.

 

Qlobus və xəritələrdə meridian və paralellər üzərində rəqəmlər qeyd olunur. Yer kürəsində hər hansı coğrafi obyektin “ünvanı” da, yəni coğrafi mövqeyi də məhz onlara əsasən müəyyən edilir.