Şeirlər

Xəlil Rza Ulutürk. Qaytar mənim qüdrətimi, Azərbaycan!

Başım, beynim tüstülənir, varlığımda kədər, təlaş.
Gözlərimdə ildırımdır damla-damla axan qan-yaş.
Mən yenidən doğulmasam, daşam, inan, qupquru daş.
Taqətim ol, qeyrətim ol, qoy dirçəlim yavaş-yavaş.
Sənsən həsrət gözlərimin həm qarası, həm də ağı.
Qaytar mənim qüdrətimi, Odər yurdu, Od torpağı!

 

Mən bilirəm: dərdlərini yumruğunda sıxacaqsan.
Sən bu dibsiz cəhənnəmdən çıxacaqsan…Üzü ağsan.
Nurlu dağsan… zülmət dağı devirəcək, yıxacaqsan.
Boğazından yapışanı boğmalısan, boğacaqsan.
Təbrizləri, Ülviləri sən yenidən doğacaqsan.
Öz bətnindən doğacaqsan İstiqlalı, Azadlığı.
Qüdrətim ol, ey ümidim, ey qəhrəman Od torpağı!

 

Nə Bağ Ata əfsanədir, nə Nizami, nə də Babək.
Gözlərinə Nəiminin, Nəsiminin şəklini çək.
Həqiqəti dəfn eləmək istəyənlər gəbərəcək.
Bağrı yanmış Qarabağım bir də qalxıb göyərəcək.
Göyərəcək çiçək-çiçək, lalə-lalə, ləçək-ləçək.
Gözlərimin çeşməsilə suvarıram o növrağı,
Növrağımsan, bayrağımsan, Odər yurdu, Od torpağı!

 

Ballı qaya…Ərimgəldi… Xaçındərbənd…Cıdır düzü…
Xəzinəmdir yerin altı, saf aynamdır göyün üzü.
O çöllərdə Təbrizimin əl həniri, ayaq izi…
Qoy bürüsün Qarabağı gül sərgisi, gül dənizi.
Alaq düşmən caynağından Sırxavəndi, Canyatağı.
Yatağım yox, otağım yox, varlığımsan, Od torpağı.

 

Qudurğanlar dinc durmasa, Daşqın, Tufan olasıyam.
Yırtıcılar dünyasını burulğana salasıyam.
Nakam gedən mərdlərimin qisasını alasıyam,
Ölsəm belə, bu aləmə mən yenidən gələsiyəm,
Anaların gözlərindən qanlı yaşı siləsiyəm,
İnan mənə: əbədisən, ey bəşərin haqq bayrağı,
Batan, çıxan Günəşimsən, Odər yurdu, Od torpağı!

 

Ürəklərdən alov qalxır: – Can Daşaltı!.. Can Xocalı!
Pulemyotlar, toplar coşdu: – Sovrul göyə, yan Xocalı!
Dağın, daşın başdan-başa qan dənizi, qan Xocalı!
O dəhşəti, o vəhşəti min illərlə an, Xocalı!
Şəlalələr qana döndü, qan-yaş gördüm hər bulağı.
Boynubükük bənövşəni kimlər qırdı, Od torpağı?

 

Qaranlıqda oğru kimi yurda gecə girdi onlar,
Ulduzları güllələyib göydən yerə sərdi onlar.
Beşiklərdən tər qönçəni, ilk nübarı dərdi onlar,
Çocuqlara əmzik deyil, od lüləsi verdi onlar.
İsti külə döndərdilər bar üstündə min budağı,
Unutmazsan o alçağı, Odər yurdu, Od torpağı!

 

Yadda saxla, qoca tarix, mən Türk oğlu Ulutürkəm.
Əhrimənlər qarşısında sanma çökəm, boyun bükəm.
Bircə kişi qalsam belə, güman etmə, yalqız, təkəm.
Mən – dünənəm, mən – bugünəm, gələcəyəm, yerəm-göyəm.
Həzrət Əli qılıncıyam, oddan gərək bir qın geyəm.
Kəsib keçəm xəyanəti, cinayəti, alçaqlığı.
Eşqim, hüsnüm, cəlalımsan, Odər yurdu, Od torpağı!

 

Əhrimənlər yuvasını darmadağın edəcəksən,
Qalxıb sabah Aya, Marsa, ulduzlara yetəcəksən.
Altı milyard insanlığam, qarı düşmən, sənsə təksən.
Zəhər saçan bir əfisən, tor quran bir hörümçəksən,
Təpiyimin altındaca gəbərəcək, öləcəksən.
Təbərrikim, tutiyam bil Qaradağı, Qarabağı.
Yüksəl Günəş mövqeyinə, Odər yurdu, Od torpağı!