Xəbərlər

Bakı Zooloji Parkında şagirdlərə dərs-ekskursiyalar keçirilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri tərəfindən Bakı Zooloji Parkında dərslər keçirilir.

 

Bu barədə AZƏRTAC-a BŞTİ-dən məlumat verilib. Bildirilib ki, dərs-ekskursiyalar Elm və Təhsil Nazirliyi tərəfindən təqdim olunan “Bakı Zooloji Parkında dərs-ekskursiyaların təşkilinə dair Təlimat” və “Zooparkda keçirilməsi tövsiyə edilən mövzuların siyahısı”na əsasən təşkil edilir.

 

Dərs-ekskursiyaların təşkilində məqsəd şagirdləri canlılar aləmi ilə yaxından tanış etmək, onların mövzuları praktik öyrənməsini təmin etmək, dərsə marağını və Azərbaycanın flora və faunası barədə məlumatlılıq səviyyəsini artırmaqdan ibarətdir.

 

Bakı Zooloji Parkında əsasən həyat bilgisi, biologiya və coğrafiya fənləri üzrə dərslər keçirilir. Dərs-ekskursiyalar “Canlılar aləmi”, “Yer təbiətinin müxtəlifliyi”, “Canlıların müxtəlifliyi”, “Heyvanlar və bitkilər”, “Bitki və heyvanların yaşayış mühiti”, “Azərbaycanın bitki və heyvanlar aləmi”, “Canlıların yaşadığı yerlər” və s. mövzular əsasında təşkil olunur.

 

Dərs-ekskursiyanın gedişində dərsə dair tədqiqat sualları qoyularaq müvafiq tapşırıqlar verilir. Ekskursiyalardan sonra şagirdlərə zoopark və oradakı heyvanlar barədə fikir və təəssüratlarını əks etdirən esse yazmaları və ya təqdimat hazırlamaları tapşırılır.