Nağıllar, hekayələr

Rafiq İsmayılov. Ayın itməsi

Son günlər Sincab çox həyəcanlı idi. Maral bunu görüb soruşdu:

 

– Nə olub, Sincab qardaş? Niyə ora-bura vurnuxursan?

 

– Gecə üçün ərzaq tədarükü görmək lazımdır, – deyə Sincab cavab verdi. – Sən heç fikir verməmisən? Ay gündən-günə kiçilir. Belə getsə, bir neçə gündən sonra Ay yoxa çıxacaq, meşə zil qaranlıq olacaq.

Göz gözü görməyəcək. Gecələr necə yemək tapacağıq?!

 

– Yox, heç fikir verməmişdim. Məncə, sən uydurursan.

 

– Özün bilərsən. Mən getdim yemək axtarmağa.

 

Üç gündən sonra qaranlıq düşən vaxt onlar yenə görüşdülər. Sincab Marala dedi:

 

– Bir Aya bax. Az qala yarısı qalıb. Gördün? Mən deyən düz çıxır.

 

Maral gördü ki, Sincab doğru deyir. Tez Tülkünün yanına qaçdı:


– Tülkü lələ, Ay yoxa çıxır. Gecə üçün yemək tədarükü görmək lazımdır.

 

– Hanı? – Tülkü göyə baxdı. – Ay yerindədir ki...

 

– Hə, yerindədir. Ancaq o kiçilir. Üç gün bundan qabaq böyük idi. Özüm görmüşdüm.

 

Bir azdan bütün meşəyə xəbər yayıldı: “Ay yoxa çıxır!” Hamı məşvərətə toplaşdı. Bütün heyvanlar göyə baxırdı. Qaranlıq səmada Ayın kiçik bir hissəsi qalmışdı. Ayı dedi:

 

– Məgər Ay belə olmur?

 

Çaqqal cır səslə çığırdı:

 

– Yox, yox. Ay dəyirmi olur. Lap Günəş kimi. Vay dədəm, vay. Ay, doğrudan da, yoxa çıxır.

 

Şir dedi:

 

– Yaxşı, sakit olun! Gəlin gedək Bayquşun yanına. O, hamımızdan çox yaşayıb. Ağıllıdır, bir məsləhət verər.

 

Heyvanlar Bayquşun yanına gəldilər. Qoca Bayquş məsələnin nə yerdə olduğunu biləndə güldü və dedi:

 

– Sizin heç dünyadan xəbəriniz yoxdur ki!.. Yaxşı, mən sizə Ay, Yer və Günəş haqqında dərs keçərəm. Əvvəla bilməlisiniz ki, Ay özü işıq saçmır. Onu işıqlandıran Günəşdir.

 

– Necə yəni Günəşdir? Dovşan dilləndi. – İndi qaranlıqdır. Günəş yoxdur, amma Ay işıq saçır.

 

– Sözümü kəsmə! – Bayquş hirsləndi. – Günəş var. Sadəcə, indi o, Yerin arxa tərəfindədir.

 

– Mən heç nə başa düşmədim, – deyə Canavar yavaşca donquldandı.

 

Hövsələdən çıxan Bayquş ağacdan üç alma dərib onları budaqdan yanaşı asdı.

 

Sol tərəfdəki almanı göstərib dedi:

 

– Baxın, bu, Günəşdir, ortadakı Yerdir, sağ tərəfdəki də Aydır. Biz indi Yerin Aya tərəf olan hissəsindəyik. Günəş əks tərəfdə olduğuna görə bura qaranlıqdır. Ancaq Günəşin şüaları Ayın bir hissəsini işıqlandıra bilir. Qalan hissəsinə Yerin kölgəsi düşür. Ona görə də bizə elə gəlir ki, Ay kiçilib. Sabahdan Ay yerini dəyişəcək və işıqlanan sahəsi böyüyəcək. On dörd gündən sonra Ay tamamilə işıqlanacaq və dairəvi formada görünəcək. Amma indi də diqqətlə baxsanız, görərsiniz ki, Ayın qaranlıq hissəsi azacıq da olsa, işıqlanır.

 

– Bəs o nəyin işığıdır? – heyvanlardan biri soruşdu.

 

– Bax bu haqda gələn dərsdə danışaram.