Şeirlər

Mirmehdi Seyidzadə. Balaca dülgər

Hamı yaxşı tanıyır
Bizim qoçaq Ənvəri,
Sinifdə çox sevirlər
Bu balaca dülgəri.

 

Evlərində Ənvərin
Var baltası, mişarı,
Kəlbətini, çəkici,
İki – üç cür mismarı.

 

Kiçik dülgər taxtadan,
Kətil, masa düzəldir.
Ağacdan yuxayayan,
Oxlov, əsa düzəldir.

Ənvər  öz babasından
Öyrənib bu peşəni.
Eyvanda işləməyə
Ayırıb bir guşəni.

 

Düzəltdiyi şeylərə
Dostları baxsın deyə,
Bir – birinin yanında
Düzüb qoyur sərgiyə.

 

O, bu gün qardaşına 
Düzəldib bir araba;
Babasından soruşur:
-Necədir bu, ay baba?

 

Baba baxıb diqqətlə,
Söyləyir : - Ənvər, əhsən!
Gələcəkdə bir yaxşı
Usta ola bilərsən.
Babasının sözündən 
Çox fərəhlənir Ənvər.
Daha artıq həvəslə
Çalışır kiçik dülgər.

 

Dəyirmi masa, divan,
Sandıq, dolab düzəldir.
Baxan deyir: - Hamısı
Bir – birindən gözəldir.