Şeirlər

Tofiq Mahmud. Dağ kəndində yaşayırıq

Gözəl, sərin
Dağ kəndində yaşayırıq.
Bu kəndi biz
Ən  uca bir yer sayırıq.
Yanımızdan 
Karvan – karvan bulud ötür,
Çox yaxındır – 
Əllərini uzat, götür.
Məktəbimiz 
Uçurumun kənarında. – 
Gözəl olur
Bahar, payız aylarında ,
Tənəffüsdə 
Biz baxırıq pəncərədən,
Gözümüzü 
Çəkməyirik dağ – dərədən .
Bir çay axır – 
Dağları sahillərə inci səpir.
Ağaclar var dərələrdə -  
Hər birisi kibrit çöpü...
Meşələrdən 
Yayda odun daşıyırıq.
Axı sərin 
Dağ kəndində yaşayırıq.
Bir qonaqdır
Yağış burda, şimşək  burda.

 

Gəzən olsa – 
Tapar min – min çiçək burda.
Bir də gördün, dərs zamanı
Bulud tutdu
Başdan – başa asimanı.
Göy gurladı – 
Götürmədi heyrət bizi,
Yenə keçdik dərsimizi.
Gəzsən əgər,
Bu dağ, çəmən – 
Kitab qədər bilik verər!
Gözəl keçir – 
Sərt olsa da qış ayları,
Yol gedirik
Yara – yara dümağ qarı.
Qarışanda bir – birinə 
Ay işığı, qar işığı – 
On qat artır
Kəndimizin yaraşığı.
Açıq  olur
Axşam üstü bizim klub.
Gəlir kino,
Gəlir qəzet, gəlir  məktub 
Fəxr edirik – 
Dağ kəndində yaşayırıq.
Bu kəndi biz 
Ən uca bir yer sayırıq.