Təbiət

Çiriş bitkisi

Çiriş (lat. Eremurus) sözü yunan dilindən tərcümədə "eremos"-səhra, "ura"-quyruq deməkdir. Sözün lüğəti mənası "səhra quyruğu"-dur. Çirişin Ön, Qərbi, Mərkəzi Asiyada 50, postsovet məkanında 23, Qafqaz və Azərbaycanda isə 2 növü bitir. Bunlar Azərbaycan çirişi - Eremurus azerbajdzhanikus və Görkəmli çiriş-Eremurus spektabilis növləridir. Azərbaycan çirişi növünü görkəmli Ukraynalı alim S. S. Xarkeviç Qafqaza ekspedisiya zamanı, Azərbaycan florasında bitən bitkiləri tədqiq edən zaman müəyyənləşdirmişdi. O, 1959-cu ilin may ayında Xaldan rayonu ətraflarından topladığı çirişin yeni növünü müəyyən etmiş və bu növü Azərbaycan çirişi adlandırmışdır. Hər 2 növ texniki dərman və qida bitkisi kimi geniş istifadə olunur.

 


Çiriş asfodelinakimilər fəsiləsinə aid olub çoxillik ot bitkisidir. Əvvəllər bu bitkini zanbaqkimilər fəsiləsinə aid edirdilər. Yeraltı orqanı kökyumrusudur. Kökləri yoğunlaşmış iyşəkilli olub sayı 6-12 ədəd olur. Kökləri ətli-şirəli olub, içərisi ehtiyat qida maddəsi ilə zəngindir. Yarpaqlarının uzunluğu 20-40 sm-ə çatır. Gövdəsi rozet (ulduzaoxşar) yarpaqların içərisindən çıxır.

 

 


Abşeron şəraitində bu növün vegetasiya dövrü iqlim şəraitindən asılı olaraq fevralın birinci ongünlüyündə, qönçələrin əmələ gəlməsi aprelin əvvəlində, çiçəkləməsi aprelin üçüncü ongünlüyündə başlayır və 25 gün qalır. Çiçəklərindən yaraşıqlı gül dəstəsi düzəltmək mümkündür. Çiçək salxımında çiçəklərin sayı təbii şəraitə nisbətən mədəni əkin şəraitində daha çox olur. Salxımın uzunluğu 25-35 sm olmaqla, üzərində 180-250-yə qədər açıq narıncı rəngli çiçəkləri olur. Gövdəsi hamar olur, uzunluğu 125 sm-dən çox olur. Yarpaqları 6-12 ədəd olub, tünd yaşıl, bəzən gümüşüyə çalan rəngdə olur. Uzunluğu 28-35 sm, eni 3,8-4 sm-dir. Azərbaycan çirişi növündə yeraltı iyəbənzər ətli kökləri yaxşı inkişaf edir.
Toxumları iyun ayının ortalarında yetişir. Toxumlar yetişən zaman salxım üzərində 152 toxum qutucuğu əmələ gəlir. Qutucuq şar şəklində olub, üzəri qırışlıdır. Tək-tək hallarda hamar olur. Bitkinin yerüstü hissəsi tam quruyana kimi qutucuq gövdə üzərində qalır. Bir qutucuqda 8 ədəd toxum olur. Toxumların forması nahamar, kənarları iti, rəngi alabəzəkdir.

 

 

Respublikamızda çiriş ən çox Naxçıvan MR-nin Ordubad, Şahbuz, Babək, Culfa, Sədərək, Şərur rayonlarında, Aqstafa, Qazax, Göyçay, Füzuli, Cəbrayıl, Lerik, Yardımlı və s. rayonların aşağı, orta dağ qurşaqlarında, gilli-daşlı torpaqlarda, ən çox qaratikan kolları ətrafında bitir.