Təbiət

İribuynuzlu heyvanlar. Camış

Asiya camışları (lat. Bubalus) -  Boşbuynuzlular fəsiləsinin öküzlər yarımfəsiləsinə aid heyvan cinsidir. Azərbaycanda camış ən qədim zamanlardan bəri yetişdirilir. Dağıstan MR, Kuban, Qara dəniz sahilləri, Krım və Dunay çayı ətrafında da camışçılıq inkişaf etmişdir. Vəhşi camışlara Hindistanın bəzi tropik meşələrində, xüsusən şərq bataqlıqlarında, mərkəzi əyalətlərində, habelə Seylon adasının şərqində indi də rast gəlmək olur. Təbii xassələrinə görə camış susevər (hidrofil) heyvandır. Camış əhliləşdirilmiş halda Malay adaları, Çin, Yaponiya, İran, Misir və Türkiyədə xeyli miqdarda yayılmışdır. Cənubi Avropada camışlar Bolqarıstan, Ruminiya, Albaniya, Macarıstan, Yunanıstan, Yuqoslaviya və başqa Balkan ölkələrində, hətta az miqdarda Çexoslovakiyada, Cənubi İtalyanın Kalabriya hissəsində və Siciliya adasında da yetişdirilir. Bu ölkələrdə yağıntı az olsa da, çoxlu çay və su mənbələri vardır. Camış isti günlərdə həmişə nohurlarda, bataqlıq yerlərdə, durğun sularda, gölməçələrdə, yaxud çaylarda yatmağı sevir. Suda olduqda camışın ancaq başı kənarda qalır, baş adətən bel ilə bir hündürlüklə durur, bu da onun suda yaşamaq adəti ilə əlaqədardır. İqlimi quru və isti yerlərdə camışlar gündə bir neçə dəfə, xüsusən sağımdan qabaq çimizdirildikdə dincəlirlər. Rəng və buynuz kimi bəzi xüsusiyyətlərinə görə camışlar birtipli heyvan kimi görünür. Lakin yüz illər ərzində müxtəlif həyat və ekoloji şəraitdə, insan əməyinin iştirakı ilə camış əhliləşdirilərək, müxtəlif xüsusiyyətlərə malik olan cinslərə ayrılmışdır.


Öz tarixi (filogenetik) inkişafı etibarı ilə camış qədim heyvanlardan biridir. Camış növü Boz cinsi, Cavicorniya boş buynuzlular ailəsi, Selenodonta yarımay dişilər, yaxud Reminanta gövşəyənlər yarım dəstəsi, nəhayət Artiodatlya cütdırnaqlılar dəstəsinə mənsubdur. Qazıntılarda təsadüf edilən qalıqlarına görə, camışın qədim vəhşi formasına (Bubalis trigietricornis) yaxın olanı və hazırda yaşayan müxtəlif camış növlərindən biri Bubalis depressicorniya anoadır. Anoa vəhşi camışının cidov hündürlüyü 83 sm-ə qədər olur. Buna Selebes və başqa İndoneziya adalarında indiyənədək təsadüf edilir. Onun tünd qonur və tünd-boz rəngli arxaya yönələn buynuzları vardır, başının boyun ilə birləşən yeri, təpəsi-əmgəyi daraqsız və yumrudur. Camış antilop ilə qaramal arasında keçid forma hesab edilir. Əhliləşmiş mindora camışına (Bub.mindorensis) çox vaxt Mindoro və Filippin adalarında təsadüf edilir və çəkisi çox ağırdır. Mindoro camışı anoa ilə adi camış arasında orta yer tutur. Bu camışın düz çıxan qısa buynuzları vardır, rəngi qaradır, buynuzlarının ucları azacıq içəriyə əyilmiş olur. Adi camış iki qrupa bölünür, bunların biri Afrika, ikincisi isə Asiya camışlarıdır.

 

Azərbaycan camışı və ya Qafqaz camışı - Cənubi Qafqazda olan camışların 70 faizi Azərbaycanda saxlanılır. Gürcüstanda və Ermənistanda ərazisində camışlar olduqca azlıq təşkil edir. Sovet dönəmində Cənubi Qafqaz camışları müstəqil cins kimi qəbul edilərək “Qafqaz camış cinsi” adlandırmışlar. Camışların çox hissəsinin Azərbaycan Respublikasında olduğunu nəzərə alaraq Azərbaycan alimləri Cənubi Qafqazda olan bütün camışları “Azərbaycan camış cinsi” adlandırmışlar. Bu 1992-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təstiqlənmişdir. 

 

Azərbaycanda camışçılığın tarixi uzaq keçmişlərə gedib çıxır. Ölkənin təbii iqlim şəraiti heyvandarlığın bu sahəsinin intensiv inkişafı üçün olduqca əlverişlidir. Xüsusi ilə Kür, Araz qırağı, Qazax-Qarabağ düzlərində yetişdirilmişdir. Bu canlıların yemə az tələbkar olması və düzənin isti, subasar əraziləri camışların yetişdirilməsinə imkan verir. Xüsusi ilə qamışlarla qidalanırlar. Bu isə onun saxlanılmasını asanlaşdırır.

 


Azərbaycan camışları qara rəngə malik olurlar. Bu isə günəş şüalarının onlara ciddi təsir göstərməsinə, bədəninin qızdırmasına imkan verir. İsti günlərdə nohurlar, bataqlıq, durğun sular, gölməçələr və ya yaxud çay yataqlarında uzanmağı sevirlər. Suda olduqda camışın ancaq başı kənarda qalır, bu da onun suda yaşamaq adəti ilə əlaqədardır.


Bu cins camışlar arasında nadir hallarda ağ rəngli camışlar doğulur. Bu heyvanları “albinos” camışlar adlandırırlar. Albinos camışlar çox yaşamır və nəsil vermirlər.
Orta köklükdə olan camışlarda diri çəkinin 0,5 faizini dil, 0,86 faizini piylə birlikdə böyrək, 0,25 faizini beyin, 4,34 faizini içalat, 1,12 faizini baş əti, 5,2 faizini işgənbə və torcuq təşkil edir.

 


İnəklərdən fərqli olaraq şaxtaya dözümsüzdürlər. İnəklər -20 °C şaxtaya dözdükləri halda, camışlar -1 °C şaxtada artıq əziyyət çəkirlər. Səbəb isə camış orqanizimində piyin az olması ilə izah edilir. Camışlar inəklərə nisbətən az süd verir. Azərbaycan camışı gün ərzində 3-4 lt süd verir. Azərbaycanda südünün orta yağlığı 8,16 % olur. Cənubi Qafqaz bölgəsində 6-12 % arasında dəyişir. Bol su içdikdə südlərini 8-10 % artıra bilirlər. Bu cins camışlar təsərrüfatda 20-21 yaşınadək saxlamaq olur. 8-9 yaşından etibarən qocalma əlamətləri meydana gəlir. Getdikcə südlərini azaldırlar. Azərbaycanda orta yararlılıq müddəti 16 ildir. Dişilərin damazlıq fermalarda maksimal çəkisi 686 kq, erkəklərdə isə 720 kiloqrama çatır. Bəziləri vardır ki, 900-1000 kq çəki ala bilir.
Boğazlıq dövrü 305 gün davam edir. Balalar yenicə doğularkən 30 - 35 kq çəkiyə sahib olur.

 

 

Camışçılıq Azərbaycanda südlük və ətlik istiqaməli olmuşdur. Südündən yerli əhalinin çox sevdiyi əla keyfiyyətli qatıq və süzmə, qaymaq, ayran və şor hazırlanır. Camış qatığı inək və qoyun qatığından qatı və yağlılığı ilə seçilir. Bu səbəbdən qiymətli hesab edilir. Qatıq və ayranının profilaktik əhəmiyyəti vardır. Azərbaycanda camış südünün standart yağlılığı orta hesabla 7,6 % olur. Nadir hallarda yüksək olma ehtimalı vardır.