Təbiət

Şiitak göbələyi

İmperator göbələyi və ya qara göbələk Şiitake göbələyi Çinin Böyük Min imperiyası (1368-1644) zamanı rəsmi olaraq uzunömürlülüyü təmin edən dərman elan olunduğuna görə onu imperator göbələyi adlandırırdılar. O zaman tapılmış şiitake göbələyinin bitdiyi yer qorunar, göbələklər isə imperatorun həyətinə qoyulardı.


Şiitake göbələyi qədim göbələk olub əsasən şii ağacında bitir. Çox gözəl dada və müalicəvi xüsusiyyətlərə malikdir. Göbələyin rəngi sarımtıl-qəhvəyi rəngdən tutmuş tünd-qonura qədər ola bilər. Şiitake delikates hesab edilir, o, xoş dadı və ətrinə görə yüksək qiymətləndirilir. Şiitake kulinariya, tibb və kosmetologiyada yüksək qiymətləndirilir. Hal-hazırda şiitake Asiya mətbəxində ən məşhur yerlərdən birini tutur.


Şiitake göbələyi haqqında çox adam eşitmişdir. Bu göbələk öz müalicəvi xüsusiyyətlərinə görə Reyşi göbələyinə yaxındır. Bütün Asiya ölkələrində şiitake göbələyini dadlı olduğuna görə qida məqsədilə yetişdirirlər. Buna görə də şiitake göbələyi marketlərdə təzə və marinad şəklində satılır.


Şii – cırtdan (karlik) şabalıdın (Castanopsis cuspidate) bir növünün adı, take isə yapon dilindən tərcümədə göbələk deməkdir, yəni şiitake sözünün hərfi tərcüməsi şabalıdda bitən göbələk anlamını verir. Lakin bu o anlama gəlməməlidir ki, şiitake göbələyi yalnız şabalıd ağacında bitir, ona digər ağacların üzərində də rast gəlmək olar, bu (yəni göbələyin bitmə yeri) onun müalicəvi xüsusiyyətlərinə təsir etmir. Çində bu göbələyi bitmə yerindən asılı olaraq Şianq-Qu və ya Xoanq-Mo adlandırırlar. Şiitakeyə aid minlərlə müalicəvi reseptlər unudulmuşdur. Lakin ilk dəfə bu göbələyi ingilis botaniki Maylz Cozef Berkli (1803-1889) təsvir etmiş, ona yeni Lentinus edodes adını vermiş və onun müalicəvi xüsusiyyətlərini işləyib hazırlamışdır.

 

Şiitake əsasən Uzaq Şərqdə, Çində, Yaponiya və digər Cənub-şərqi Asiya ölkələrində təbii halda yayılmışdır. Çində əldə edilmiş arxeoloji tapıntılara görə şiitakedən hələ eramızdan əvvəlki dövrlərdə (təxminən e. ə. 199-cu il) də istifadə edilmişdir. Göbələyin vətəni Çin hesab edilir.