Nağıllar, hekayələr

Dərviş

Şərq şəhərlərindən birinin yaxınlığında, səhranın ortasında bir vahə varmış. Şəhərə gedən yol bu vahədən keçirmiş. Yolçular, karvanlar vahədə ayaq saxlayıb su içər, dincələrmişlər.

 

Günlərin birində şəhərə doğru gedən bir qərib yol kənarında bir dərvişin oturduğunu görür. O, dərvişə yaxınlaşıb salam verir və soruşur:

 

– Mən heç vaxt bu şəhərdə olmamışam. Burada necə adamlar yaşayırlar?

 

Dərviş onun sualına sualla cavab verir:

 

– Bəs sənin gəldiyin şəhərdə necə insanlar yaşayırdı?

 

– Onlar çox bədxasiyyət və xudbin adamlar idilər. Əslində, mən elə buna görə oranı tərk etdim.

 

– Bu şəhərdə də eynən elə adamlar yaşayırlar.

 

Bu sözləri eşidən qərib bir qədər fikirləşib geri dönür.

 

Az sonra həmin dərvişə başqa bir qərib yanaşıb eyni sualı verir. Dərviş ondan da yaşadığı şəhərin sakinlərinin necə insan olduqlarını soruşur. Gənc cavab verir:

 

– Onlar olduqca mərhəmətli, xeyirxah, qonaqpərvər adamlar idi. Orada mənim çoxlu dostlarım qalıb. Onlardan ayrılmaq mənim üçün çox çətin oldu.

 

– Darıxma, oğlum, sən bu şəhərdə də yaxşı adamlarla rastlaşacaqsan, özünə sədaqətli dostlar tapacaqsan.

 

Oğlan dərvişə təşəkkür edib yoluna davam etdi.

 

Yaxınlıqda bir sarvan dəvələrini suvarırdı. Hər iki söhbətin şahidi olan sarvan qocaya yanaşıb soruşdu:

 

– Sən niyə iki adamın eyni sualına tamamilə müxtəlif, bir-birinə əks cavablar verdin?

 

Dərviş gülümsəyərək dedi:

 

– Oğlum, hər bir kəs öz dünyasını öz qəlbində daşıyır. Gəldiyi yerdə yaxşı heç nə tapmayan adam burada da tapmayacaq. Əvvəl yaşadığı yerdə çoxlu dostları olan isə burada da özünə sədaqətli dostlar tapacaq. Hər bir şəxs ətrafdakıları görmək istədiyi kimi və görə bildiyi kimi görür.