Nağıllar, hekayələr

Mixail Zoşenko. Nənəmin hədiyyəsi

Nənəm məni çox sevirdi. O, hər ay bizi ziyarət edir və çoxlu oyuncaqlar alırdı. Oyuncaqlardan əlavə, nənəm özü ilə hər dəfə, səbət dolu şirniyyat gətirirdi. 


Nənəm böyük bacım Lelyanı məni sevdiyi qədər sevmirdi deyə yalnız mənə sevdiyim şirniyyatı seçməyə icazə verirdi. Ona isə özü istədiyi şirniyyatı verirdi. Bu da bacım Lelyanı hər dəfə qəzəbləndirirdi və o, nənədən çox mənə hirslənirdi.

Yayın gözəl isti günlərindən biri idi. Nənəm bağ evimizə qonaq gəldi. Bir əlində şirniyyat, digərində əl çantası bağa doğru getdi.


Lelya ilə mən sevinərək nənəmin yanına qaçıb onunla salamlaşdıq. Lakin bu dəfə nənənin əlində bir səbət görüb bir qədər bikeflədik, çünki şirniyyatlardan başqa, nənə bizə heç nə gətirməmişdi.


Bacım Lelya nənəyə dedi:


- Nənə, şirniyyatlardan başqa bu gün bizə heç nə gətirməmisən?


Nənəm Lelyaya qəzəbləndi və ona belə cavab verdi:


- Gətirdim. Ancaq bunu açıq şəkildə soruşan tərbiyəsiz bir qıza verməyəcəm. Hədiyyəni, nəzakətli, tərbiyəli, artıq bir söz danışmıyan dünyanın ən yaxşı uşağı olan Minya alacaq.


Bu sözləri deyəndən sonra nənəm mənə əlimi uzatmağı söylədi.


Ovcumu açdım və nənəm ovucumun içinə on dənə 10 qəpik qoydu. Mən isə axmaq kimi dayanıb ovcumdakı qəpiklərə zövqlə baxdım. Lelya da qəpiklərə uzun-uzun baxdı və heç nə demədi. Yalnız kiçik gözləri xoş olmayan bir parıltı ilə parlayırdı.


Nənəm mənə sevgi və heyranlıqla baxıb çay içməyə getdi.


Birdən Lelya əlimə aşağıdan yuxarı elə bərk vurdu ki, bütün qəpiklərim ovcumun içindən göyə tullanıb otun içinə töküldü. O qədər hönkür-hönkür ağladım ki, bütün böyüklər - atam, anam və nənəm qaçaraq gəldilər. Hamısı dərhal əyilib yerə tökülmüş qəpikləri axtarmağa başladılar. Bir qəpik istisna olmaqla hamısını yerdən yığıb bir yerə topladılar. Bu zaman nənəm dedi:

- Görürsüz necə də düz edib, Lelyaya bir qəpik belə vermədim! Paxıl adamdır! Düşünür ki, “mənim yoxdursa, başqasının da olmasın!" Yeri gəlmişkən, bu qəddar hazırda hardadır?


Danlanmasın deyə Lelya ağaca dırmaşmışdı və oradan mənə və nənəmə dil çıxarırdı.


Məhlə uşağı Pavlik isə Lelyanı ağacdan düşürmək üçün onu doğanaq ilə vurmaq istədi. Amma nənəm buna icazə vermədi, çünki Lelya yıxılıb ayağını sındıra bilərdi. Nənəm hətta oğlanın doğanağını əlindən almaq istədi. Pavlik hər kəsə qəzəbləndi və nənəmi uzaqdan doğanaqla vurdu.


Nənəm ufuldayıb dedi:


- Necə, xoşunuza gəldi? Bu yaramaz qızın üzündən doğanaq ilə vuruldum. Artıq bənzər hadisələrə uğramamaq üçün bir daha sizə qonaq gəlməyəcəm. Gözəl oğlum Minyanı yanıma gətirsəz yaxşı olar. Hər dəfə, Lelyanın acığına, ona hədiyyələr verəcəm.


Nənəmin sözlərini eşidib atam dedi:


- Yaxşı. Necə istəyirsən o cür də edərəm, ancaq yalnız sən, anacan, boş yerə Minkanı tərifləyirsən! Əlbəttə ki, Lelya səhv edib. Amma Minka da dünyanın ən yaxşı oğlanı deyil. Dünyanın ən yaxşı oğlanı, bacısının heç bir şeyi olmadığını görüb ona bir neçə qəpik verən oğlandır. Bununla da bacısını qəzəb və həsədə sürükləməzdi.


Ağacda oturan Lelya isə atamın dediklərindən güc alıb dedi:


- Dünyanın ən yaxşı nənəsi, yalnız axmaqlığına və hiyləgərliyinə görə susan və buna görə də hədiyyələr və tortlar alan Minkaya deyil, bütün uşaqlara bir şey verəndir!


Nənəm artıq bağda qalmaq istəmirdi və bütün böyüklər çay içmək üçün eyvana getdilər.


Mən isə Lelyaya dedim:


- Lelya, ağacdan aşağı düş ! Sənə iki qəpik verəcəm.

Lelya ağacdan düşdü və mən ona iki qəpik verdim. Yaxşı əhval-ruhiyyədə eyvana gedib böyüklərə dedim:


- Yenə də nənəm haqlı idi. Mən dünyanın ən yaxşı oğlanıyam - Lelyaya iki qəpik verdim.


Nənəm və anam mənimlə qürürlanıb gözləri parıldadı. Ancaq atam qaşlarını çatıb dedi:


- Xeyr, dünyanın ən yaxşı oğlanı yaxşı bir şey edən və bundan sonra öyünməyəndir!


Bu kəliməni eşidib bağa qaçdım, bacımı tapdım və ona bir dənə də qəpik verdim, ancaq bu səfər böyüklərə heç nə demədim.


Ümumilikdə Lelyanın üç qəpiyi vardı, dördüncünü isə o, əlimə vurduğu yerdən, çəmənlikdən tapmışdı. Bütün bu dörd qəpik ilə Lelya dondurma aldı və iki saat doyanacan yedi. Axşam düşəndə isə Lelyanın soyuq dondurmalara görə mədəsi ağrıdı və o, bir həftə yataqda yatdı.

İndi, uşaqlar, o vaxtdan uzun illər keçib. Bu günə qədər atamın sözlərini lap yaxşı xatırlayıram.


Ola bilsin ki, mükəmməl insan ola bilmədim, bu çox çətindir! Ancaq, uşaqlar, həmişə çalışmışam Yaxşı insan olum! Bu isə çox yaxşı bir hissdir!