Şeirlər

Bəxtiyar Vahabzadə. İlk dərs

Bu gün yeni dərs ili
Başlanır... səhər-səhər
Məktəblərə yollanır
Al yanaqlı körpələr.


O dalında çantası
Gedən uşağa bax bir
O da, görəsən, belə
Məktəbəmi tələsir?


Sevinc sığışmır onun
Bugünkü hər anına.
Bu gün ayaq basacaq
Məktəb pilləkanına.


Bəli, bəli gör necə.
Sevimlidir, o bu gün.
Həyatında ilk dəfə
Gedir bir məqsəd üçün.


Pillələri aramla
Qalxır tək-tək yuxarı.
Həyatda da o belə
Yüksələcək yuxarı.


Bu qədəm ilk qədəmdir.
Arzular üçün ona.
Bu qədəm son qədəmdir
Şıltaq uşaqlığına.


Zəng çalınır... uşaqlar,
Bir-bir dolur sinifə.
Bu qəribə zil səsi
O eşidir ilk dəfə.


Bu səs onu çağırır
Düşünməyə, duymağa.
Bu səs onu aparır
Səadətli bir bağa.


Bu səs gör bir nə deyir:
"qədrini bil hər günün”
Bu gün gördüyü hər şey,
Yenidir onun üçün.


Dərs qutarır, dağılır
Evlərinə uşaqlar. 
O da gedir, üzündə
Yeni bir nəşə çağlar. 


Sən bu gün "A” səsini
Öyrənmisən a bala,
Onu sev, sən onunla
Yetəcəksən kamala.


Müqəddəsdir, əzizdir
Sən sev bu "A” səsini.
Bu səslə yazacaqsan
Sən "ana” kəlməsini.


Biz ilk qələm tutanda
Bu kəlməni yazırıq.
"ana vətən” deyərək
Ölməyə də hazırıq.


Bizim ilk dərsimiz də
Ana ilə başlanır.
Son dərsimiz ananın
əlilə alqışlanır.


Ana, vətən deməkdir
Quzum, sev bu vətəni.
Vətəndir məktəb açıb
Bu gün oxudan səni.