Nağıllar, hekayələr

Şamil Xurşud. Buğda üşüyürmü

Azər əmisigilə qonaq gələndə payız idi. Ağacların yarpaqları saralmışdı. Külək əsdikcə onlar bir-bir havada dövrə vurub düşürdü. Həyətdəki nar, heyva, armud ağaclarının meyvələri sırğa kimi budaqlardan asılı qalmışdı. Azər nənəsi və babası ilə görüşən kimi əmisi qızı Nüşabəyə qoşulub birbaşa bağa qaçdı. Uşaqlar yetişmiş meyvələrdən dərib yedilər.
 
Sonra Nüşabə Azərin qoluna toxundu:
 
- Gedək sizin gəldiyinizi atama xəbər verək.
 
- Gedək.
 
Onlar bağın ayağındakı çəpəri aşıb şumlanmış sahəyə çıxdılar.
 
Buradan şumlanmış sahə göz işlədikcə uzanır, sıralanmış traktorlar gurultu ilə irəliləyirdi. Traktorların arxasınca adamlar gedirdilər.
 
Azər bu mənzərəyə təəccüblə baxıb Nüşabədən soruşdu:
 
- Onlar nə edirlər belə?
 
Qız sakitcə cavab verdi:
 
- Taxıl səpirlər. Payızlıq taxıl.
 
Sonra Azərin sual dolu baxışlarını görüb dedi:
 
- Yadında saxla, ildə iki dəfə taxıl əkilir. Bir yazda, bir də payızda. Bax indi atamgilin sürdüyü traktorun ardınca şuma buğda toxumu səpilir. Bu, payızlıq taxıldır. Yazda buralar gömgöy zəmi olacaq, sünbüllər adam boyu ucalacaq. Sonra da onu biçib, döyüb dən eləyəcəklər. Daha sonra dəyirmanda üyüdüb un alacaqlar, həmin undan da çörək bişirəcəklər.
 
Azər buğdanı, unu, çörəyi yaxşı tanıyırdı. Ancaq onların belə çətin başa gəldiyini bilmirdi.
 
Elə bu vaxt traktorlar sahə başına çatdı. Azər Nüşabə ilə bərabər traktorçu əmisiylə görüşmək üçün maşınlara tərəf yüyürdü...
 
Bu əhvalatdan iki-üç ay sonra Nüşabə atası ilə şəhərə gəldi. Azərin anası onları dənizkənarı bulvara, Dağüstü parka, sirkə apardı. Nüşabə şəhərdə gördüyü hər şey haqqında çəkinmədən Azərdən soruşur, bilmədiklərini öyrənirdi. “Çox sağ ol”, - deyə ona təşəkkürünü bildirirdi.
 
Bir gün səhər Azər yuxudan oyananda Nüşabəni pəncərə qabağında dayanan gördü. Ona yaxınlaşdı. Çöldə quşbaşı qar yağırdı. Damların üstü ağ örtüyə bürünmüşdü. Azərə elə gəldi ki, qız qarın yağmasından kədərlənib. Ona ürək – dirək vermək üçün dedi:
 
- Qanını qaraltma, şəhərdə qar çox qalmır.
 
- Nüşabə dedi:
 
- Qanımı niyə qaraldıram ? Qar yaxşıdır, bərəkətdir, torpağa can verir.
 
- Bəs əmimgilin əkdiyi buğdalar? – Azər birdən – birə soruşdu. - Axı onlar qarın altında üşüyür.
 
- Buğda üşümür, Azər, - deyə Nüşabə izah etdi. – Qar yorğan kimi onun üstünü örtür. Şaxtadan, çovğundan qoruyur. Yazda isə yuxulu torpaq ayılacaq, qar torpağın hərarəti ilə əriyib körpə cücərtilərə su verəcək, onlar da boy atacaq. Zəmilər yamyaşıl olacaq.