Təbiət

Harpi qartalı

Harpi qartalı (лат. Harpia harpyja) – şahin ailəsinin ən iri, güclü və yırtıcı quşudur. Cənubi və Mərkəzi Amerikada, həmçinin Braziliya və Meksikada yayılmışdır.

 

Aqressiv quş olaraq xarakterizə olunur. Ən güclü yırtıcı quşlardan biri hesab olunur. Bu yırtıcı qartalın güclü zərbəsi insan kəlləsini sındırmaq gücünə belə malikdir. 

 

Xarici görünüşü

 

Qartalın bədən uzunluğu 90-110 sm-ə çatır, qanadları təxminən 2 metrdir. Dişi fərdin çəkisi 7,5-9 kq, erkək fərd 4-4,8 kq-dır. Quşun başının arxasında uzun, tünd boz rəngli lələkləri var. Həyəcan anında harpi onları "buynuz" kimi şaquli olaraq başının üstünə qaldırır. Bu özəllik qartala qorxunc görkəm verir.  Eyni rəngdə dimdiyə sahibdir. Gözləri tünd rəngdə və iridir. Sarı ayaqlara və çox güclü caynaqlara sahibdir. Onların qanadları digər yırtıcı quşlarla müqayisədə nisbətən kiçikdir, lakin uzunluğu 2 metrdən çoxdur.

 

Qarın nahiyəsi ağ; bel, quyruq və qanadları isə tünd boz rəngdədir. Quyruq və qanadlarındakı lələklər ağ-qara zolaqlıdır. Caynaqları olduqca böyük və güclüdür. Quşun unikal pəncələri gənc cüyür kimi ağır çəkiləri qaldırmağa imkan verir.

 

Bəzi mütəxəssislərin fikrincə, harpi qartalı başının arxasındakı lələkləri qaldıraraq daha yaxşı eşidir.

 

Həyat tərzi və qida rasionu

 

Harpi qartalı ən çox gün ərzində fəaldır. Əla eşitmə və görmə qabiliyyətinə sahibdir.

 

Böyük ölçüsünə baxmayaraq, bu quş sıx kolluqlarda belə asanlıqla hərəkət edə bilir. Harpi qartalı əsasən ərincək (meymun) və primatları ovlayır, buna görə yerli əhali arasında "meymunyeyən" ləqəbini alıb. Quş, kərtənkə, gəmirici, hətta gənc maralları tutma şansı olduqda onunla da qidalana bilirlər.

 

Harpilər qurbanlarını uzunluğu 10 santimetrə çatan caynaqları olan güclü pəncələrin köməyi ilə tuturlar. Təbii şəraitdə harpi qartalının düşməni yoxdur.

 

Çoxalması

 

Harpi qartalı yerdən 50-75 m hündürlükdə, çox vaxt suyun yaxınlığında hündür ağacların tacında yuva qurur. Diametri 1,5 metrə çatan geniş yuva qalın budaqlardan tikilərək yarpaq və mamırla örtülü olur və eyni yuva uzun illər cütlük tərəfindən istifadə olunur. Bu quşlar hər il deyil, 2 ildən bir bala dünyaya gətirirlər. Aprel-may aylarında yağışlı mövsümün başlaması ilə dişi adətən bir sarımtıl yumurta qoyur. İnkubasiya dövrü təxminən 56 gün davam edir. Körpə quşlar çox yavaş inkişaf edir və uzun müddət valideynlərinin himayəsində olurlar. 8-10 aylıq yaşlarında onlar artıq yaxşı uçurlar, lakin yenə də özləri müstəqil olaraq qidalana bilmir və valideynlərinin yuvasından uzaqlaşmırlar. Bu yırtıcılar özlərinə zərər vermədən 10-14 günə qədər ac qala bilərlər. Harpi qartalı cinsi yetkinliyə yalnız 5-6 yaşında çatır və daha sonra çoxalmağa başlayır.

 

Varlığına təhdidlər

 

Hazırda bu böyük Cənubi Amerika qartallarının sayı durmadan azalır. Bunun əsas səbəbi - qartalın yuvalayan ərazilərdə meşələrin məhv olması, həmçinin çoxalma göstəricilərinin çox aşağı olmasıdır ki, bu da heyvanlara heç bir fayda vermir. Quşlar “Qırmızı kitab”ın siyahısındadır.