Nağıllar, hekayələr

Donald Bisset. İlk qar

Uzun illər bundan əvvəl Afrikada heç vaxt qar görməmiş bir qız yaşayırdı. Onun adı Aminata idi.

 

Bir gün Aminata Kunullu adlı iti ilə bağda gəzirdi. Qızcığaz çox kədərli idi.

 

- Niyə qəmginsən? - Kunullu ondan soruşdu.

 

- Yəqin ona görə ki, həyatım boyunca heç vaxt qar görməmişəm.

 

- Ham-ham! Mən də!

 

- Mən qar görmək istəyirəm! - Aminata ah çəkdi.

 

- Ham-ham! Mən də! - Kunullu dedi.

 

Həmin axşam Aminata ilə Kunullu yatmağa getdikdən sonra, söhbətə qulaq misafiri olan bağdakı güllər öz aralarında söhbətə başladılar.

 

- Eşitdiniz, - qızılgül bənövşəyə dedi, - Aminata həyatında heç vaxt qar görməyib!

 

- Hələ bir düşünün! – bənövşələr cavab olaraq başlarını tərpətdilər.

 

- Bu gəşəng qız, - qızçiçəkləri də səsləndilər - Hər axşam bizi sulayır, qulluq edir!

 

- Nəsə etməliyik! - hamı qərar verdi.

 

- Mən nə edəcəyimizi bilirəm! – həmin axşam bağda gəzən Cənub Küləyi dedi. – Məni gözləyin, tezliklə qayıdacam!

 

Cənub küləyi sözünü deyib şimala tərəf uçdu. O, çox uzağa, səhralar və dağlar, dənizlər və düzənliklər, meşələr və donmuş tundralar keçərək Şimal Küləyinin yaşadığı Şimal Qütbünə gəlib çatdı.

 

- Bura nə üçün gəlibsən? - Şimal küləyi Cənub küləyini görüb təəccübləndi. - Yaxşı olar ki, uzaqlaş, yoxsa indi səni tutacam!

 

- Tuta bilirsənsə tut! – Cənub küləyi ucadan şən səslə dedi və geri Afrikaya tərəf uçdu.

 

Şimal küləyi onun arxasınca qaçdı. Amma Cənub yüngül meh olduğu üçün daha sürətli uçurdu. O, Afrikaya evə tələsirdi, Şimal küləyi isə ona çata bilmirdi.

 

Cənub küləyi arxası ilə elə bir soyuq, elə bir şaxta apardı ki, hətta buludlar da donub bir yerə toplaşdı və yağış əvəzinə göydən yerə qar yağdı.

 

Ağ qar dənələri...

 

Səhəri gün Aminata iti ilə yenə birlikdə bağa gəzintiyə çıxdı və gördü ki, ətrafda hər şey ağa bürünüb.

 

- Bax, Kunullu, necə də gözəldir! Hər şey çox ağ və yumşaqdır. Bəlkə, qardır? Bu ki qardır!

 

- Ham-ham! Qaaaar! - Kunullu sevincək hürməyə başladı.

 

Cənub küləyi isə uzun gəzintidən sonra yaman yorulmuşdu və dincəlmək üçün it yuvasında gizləndi. Şimal küləyi onu gözləməkdən yorulub geri dönməyə qərar verdi və yenidən Şimal qütbünə uçdu.

 

Yenə günəş çıxdı, qar əridi və bağda yenə güllər açdı.