Şeirlər

Hənifə Alışanoğlu. Yuxuların gül-çiçək

Ay mənim çiçək balam,
Hamıdan göyçək balam.
Yat,ay qızım yat daha,
Lap az qalıb sabaha.


Çöldə şaxta,boran var,
Lopa-lopa yağır qar.
Qızım,nə gözləyirsən,
Yatmamısan hələ sən?!


İndi ağaclar yatıb,
Yuvada quşlar yatıb.
Yuxudadır çöl-çəmən,
Yatmamısan hələ sən?!


Nağıl deyim yat,qızım,
Mənim ayım,ulduzum.
Xumarlan şirin-şirin,
Qoy yuxun olsun dərin.


Yuxudadır dostların,
Evdə oyuncaqların.
Tənbəl ayı,şən dovşan,
Mürgüləyir bayaqdan.


Yoxsa səhər açılmaz,
Yatmasan gündüz olmaz.
Yat,tez qovaq gecəni,
Yuxu gözləyir səni.


Yum gözünü,yat,qızım,
Mənim baharım,yazım.
Daşısın ətək-ətək,
Yuxuların gül-çiçək.