Nağıllar, hekayələr

Kitabın macəraları

Kitab yolla gedirdi. Məktəbdəki dostları onu gözləyirdi. Kitab çox sevinirdi. Axı onu yenicə çap etmişdilər və içində çoxlu maraqlı məlumatlar var idi.


O, yolda Karandaşı gördü. Onlar salamlaşdılar. Kitab dedi: “Mən məktəbdəki dostlarımın yanına gedirəm. Gəl birlikdə gedək. Mənim səhifələrimdə maraqlı məlumatlar var. İstəyirəm ki, uşaqlar oxuyub öyrənsinlər.” 


Karandaş dedi: “Yoox, mən qoymaram ki, uşaqlar səni oxusunlar. İndi sənin səhifələrini yazacağam”. 


Kitab qorxdu və qaçmaq istədi. Lakin Karandaş sürətlə onun üstünə cumub səhifələrini yazmağa başladı. Kitab çox kədərləndi. O, indi dostlarının yanına necə gedəcəkdi?!


Səhifələri səliqəsiz və yazıq-yazıq idi. Uşaqlar onu oxumaqda çətinlik çəkəcəkdilər. Birdən haradansa qəhrəman Pozan gəldi. Pozan bir anda kitabın bütün səhifələrini təmizlədi. Kitab yenə əvvəlki kimi təmiz və səliqəli idi. Artıq dostlarının yanına gedə bilərdi.