Şeirlər

Əli Vəkil. 20 Yanvar günü

Qəsdimizə durdular,
Sinəmizdən vurdular,
Günahsızdıq, qırdılar-
İyirmi yanvar günü!

 

Geriyə çəkilmədik,
Qorxu nədir bilmədik,
Şəhid olduq-ölmədik –
İyirmi yanvar günü!

 

Neçə-neçə qəhrəman,
Susduruldu həmin an,
Küçələrdə axdı qan-
İyirmi yanvar günü!

 

Bəla var başımızda
Dil açdı daşımızda
Qaldı yaddaşımızda
İyirmi yanvar günü