Görkəmli şəxsiyyətlər

Dünyaca məşhur bioloqlar və onların kəşfləri

Aristotel (e.ə. 384-322). Qədim yunan filosofu və alimi,  botanika elminin banilərindən biridir. 500-dən artıq heyvan növünü təsvir edərək onların təsnifatını vermiş, canlıları insan, bitki və heyvanlar olaraq üç qrupa bölmüşdü. Təsviri və müqayisəli anatomiyanın əsaslarını qoyub.

 

Avisenna (İbn Sina) (980-1037). Orta əsrlər dövrünün ən böyük müdrik təbiblərindən biridir. Əbu Əli İbn Sina ilk dəfə nəzəri və klinik təbabətin “Tibb Kanonu” ensiklopediyasını yazmışdır. Xəstəliklərin etimologiyasına aid biliklərin, insanın naturasına, həyat tərzinə uyğun xəstəliklərə yoluxması hallarının özünəməxsus şəkildə izahı İbn Sinanın təbabətə verdiyi ən böyük töhfələrdir. O, həm ənənəvi tibblə əlaqəli, həm də kimyadan istifadə edərək əldə edilən bir neçə yüz yeni dərman növü yaratmışdır. İbn Sina həmçinin  Pediatriyanın əsasını qoyanlardan biri olub.

 

Uillyam Harvey (1578-1657). Qan dövranınin və ürəyin funksiyasının ilk dəfə izahını verən ingilis həkimidir. Ürək və ürək qapaqlarının rolunu dəqiqliqlə izah etmiş; qanın ürəyə qayıdaraq dairəvi hərəkətini sübut etmiş; və qan dövranının iki dairəsini təsvir etmişdir. Bundan əlavə, Harvi embriologiyanın banisidir. Onun 1651-ci ildə yazmış olduğu "Heyvanların doğulması" kitabı müasir embriologiyanın əsasını qoymuşdur. Harvey göstərirdi ki, embrion ilkin inkişaf dövründə artıq böyük heyvanlar kimi ümumi qurluşa malikdir və hər bir heyvan başlanğıcını yumurta hüceyrəsindən götürür.

 

Antoni van Levenhuk (1632-1723). Mikroskop konstruktoru, elmi mikroskopiyanın – mikrobiologiyanın əsasını qoymuş, öz mikroskopu vasitəsi ilə bir çox canlıların müxtəlif strukturlarını öyrənmiş holland təbiətşünası olub.

O, ilk dəfə olaraq eritrositləri, bakteriyaları, kif göbələklərini, həşəratların bədən hissələrini təsvir edib çizmişdir. Mikrobiologiyaya dair ilk kitab sayılan "Təbiətin sirləri"nin (1695) müəllifidir. Levenhuk bəşər tarixində ilk konstruktiv kəşf sayılan bakteriyanı (1674) aşkar etmiş, sadə su damcısından bu kiçik canlıların böyük bir aləmini üzə çıxartmışdır. O, ilk dəfə olaraq üç bakteriya formasını: basill, kokk və spiraxetaları müəyyən etmişdir.

 

Kal Linney (1707-1778). Canlı orqanizmlərin təsnifləşdirilməsinin əsasını qoymuş məşhur İsveçli həkim, naturalist və fizikdir. Heyvanlar aləminin təsnifatının prinsiplərini müəyyən etmiş, bitkilərin ətraflı təsvirlərini tərtib etmişdir. O, eyni zamanda “takson” anlayışını elmə gətirib.

 

Jan Batist Lamark (1744-1829). Fransa alim-təbiətşünası, canlı təbiətin təkamülü haqqında ilk təlimin yaradıcısıdir.  Jan Lamark canlı dünyanın təkmil təkamül nəzəriyyəsini yaratmağa çalışıb, sonradan bu nəzəriyyə Lamark nəzəriyyəsi adlandırıldı. Lamark 1802-ci ildə elmə "biologiya" terminini gətirir. Lamark 1809-cu ildə "Zoologiyanın fəlsəfəsi" kitabını dərc etdirir. Lamark 1809-cu ildə "Zoologiyanın fəlsəfəsi" kitabını dərc etdirir. Alim orada canlı aləmin təkamülünə dair öz nəzəriyyəsini irəli sürür.

 

Jorj Küvye (1769-1832). Fransız təbiətşünası, bioloqu, zooloqu, naturalisti, təbiət elmlərinin ilk tarixçilərindən biri, "paleontologiya elminin və müasir müqayisəli anatomiyanın atası"dır. Zoologiyada "tip" anlayışını təqdim edib. Jorj Küvye paleontologiya elminin və müasir müqayisəli anatomiyanın əsasını qoyub. Elm tarixində ilk dəfə olaraq o, müxtəlif heyvanların orqanlarını öyrənmiş, müqayisə etmiş, quruluşunu və funksiyalarını müəyyənləşdirmişdir. Bu əlamətlərə görə o, heyvanları dörd tipə bölmüşdür: onurğalılar; yumşaqbədənlilər, buğumlular, şüalılar. Bu bölgü müasir sistematikanın əsasını təşkil edir. O, geoloji təbəqələrin yaşını orqanizmlərin qalıqları ilə, nəsli kəsilmiş orqanizmlərin nisbi qədimliyini isə təbəqələrin tərkibinə görə təyin etməyi təklif etmişdir. Heyvanların paleontologiyasını və müqayisəli anatomiyasını yaratmışdır.

 

Karl Maksimoviç Ber (1792-1876). Rus təbiətşünası, “embriologiya” elminin banisi, Sankt-Peterburq Elmlər Akademiyasının akademikidir. O, müəyyən etmişdir ki, onurğalı heyvanların embrionu iki ilkin təbəqədən - ektoderma və endodermadan ibarətdir ki, embriogenez prosesində sinif, dəstə, ailə, cins, növ əlamətləri, fərdin fərdi əlamətləri ardıcıl olaraq inkişaf edir.

 

Mattias Yakob Şleyden (1804-1881). Alman bioloqudur. Hüceyrə nəzəriyyəsinin əsasını qoyanlardan biridir. Mattias Şleyden bitkilərin hüceyrə quruluşunun inkişafını öyrənərək bildirmişdir ki, hər bir orqanizmin quruluş vahidi -hüceyrədir. Bitkilər, heyvanlar və bakteriyalar ümumi oxşar quruluşa malikdirlər. Sonralar bu qənaət orqanizmin tamlığını bir daha təsdiqləmişdir. Şvann Teodor və Mattias Yakob Şleyden elmə "hüceyrəsiz həyat yoxdur" ifadəsini gətirmişlər.

 

Teodor Şvann (1810-1882). Alman sitoloqu, histoloqu, fiyioloqu və Hüceyrə nəzəriyyəsinin həmbanisidir. O, bir çox toxumaların hüceyrə quruluşunu tədqiq etmişdir. O, sinir liflərini və onları əhatə edən qabığı təsvir etmiş, həzm fermenti “pepsin”i kəşf etmişdir. Şvann Teodor bitki və heyvan hüceyrələrini müqayisə etmək üçün düzgün mövqe seçərək homologiya yaratmış olaraq sübut etmişdir ki, bitki və heyvan mənşəyli hüceyrə strukturları oxşardırlar. 1839 cu ildə "Heyvan və bitkilərin inkişaf və qurluşlarında oxşarlığın mikroskopik tədqiqatları" əsərində hüceyrə nəzəriyyəsi prinsiplərini göstərmişdir.

 

Çarlz Robert Darvin (1809-1882). İngilis təbiətşünası, çağdaş təkamül nəzəriyyəsinin təməlini qoymuş ingilis təbiətşünasıdır. Aşağıdakı əsərlərin müəllifidir: "Növlərin mənşəyi" (1859), "Mədəni bitkilərin və ev heyvanlarının mənşəyi" (1868), "İnsanın mənşəyi və cinsi seçmə" (1871)

 

Nikolay İvanoviç Piroqov (1810-1881). Rus cərrahı, təbiətşünası və topoqrafik anatomiyanın ilk atlasını yaradanlardan biri olub. Piroqov həmçinin “rus hərbi səhra cərrahiyyəsi”nin və “rus anesteziya məktəbi”nin banisidir.

Özü anatomiyanı və cərrahiyyəni bilməklə cərrahiyyə texnikasının virtuozu – mahir ustası idi.

 

Rudolf Virxov (1821-1902). Siyasi xadim, həkim, patoloqanatom, histoloq, fizioloq, Hüceyrə nəzəriyyəsi və "Hüceyrə patologiyası nəzəriyyəsinin" əsasını qoymuş XIX əsrin ikinci yarısına aid dahi alman alimidir. Əsas əsərlərini - hüceyrə patologiyası nəzəriyyəsinin yaradılmasına həsr edilmişdir.

 

Qreqor Yohan Mendel (1822-1884). Avstriyalı təbiətşünas, botanik, rahib, irsiyyət haqqındakı təsəvvürlərin inkişafında mühüm rol oynamış, genetikanın atası və İrsi əlamətlərin qanunauyğunluğunun müəllifidir. Alınmış bütün növ hibridlərin dəqiq kəmiyyət hesabı ilə noxud sortlarının hibridləşdirilməsi təcrübələrinə əsaslanaraq, gen adlanan amillərin irsiyyətinin əsas qanunauyğunluqlarını aşkar etmiş, əsaslandırmış və “Bitki hibridləri üzrə təcrübələr” kitabında tərtib etmişdir. Sonralar bu qanunauyğunluqlar “Mendel qanunları” adlanan irsiyyət nəzəriyyəsinin əsasını təşkil etmişdir.

 

Lui Paster (1822-1895). Müasir mikrobiologiya və immunologiyanın banisidir. Fermentasiyanın təbiətini kəşf etmişdir. O, toyuq vəbası, qarayara və quduzluğa qarşı ilk vaksin kəşf etmiş və bakteriyaların bu xəstəliyi necə meydana gətirdiyinin izahını vermişdir.

 

İvan Mixayloviç Seçenov (1829-1905). Rus təkamülçü bioloqu, fizioloq və pedaqoqu olub. Alim elmdə bioritmlər və digər maraqlı sahələri araşdırmışdır. Həmçinin beyni öyrənmiş və mərkəzi sinir sisteminin tormozlanmasına səbəb olan mərkəzi kəşf etmiş və beynin əzələ fəaliyyətinə təsirini sübut etmişdir. O, "Beyin refleksləri" adlı klassik əsərini yazıb, burada şüurlu və şüursuz hərəkətlərin reflekslər şəklində həyata keçirildiyi fikrini formalaşdırmışdır. Milli fiziologiya məktəbinin banisidir.

 

Ernst Hekkel (1834-1919). Alman alimi və filosofudur, “ekologiya” termininin müəllifidir. O, heyvanlar aləminin ilk “nasil ağacı”nı, çoxhüceyrəli orqanizmlərin mənşəyi nəzəriyyəsini irəli sürmüş, həmçinin biogenetik qanunu formalaşdırmışdır.

 

Robert Kox (1843-1910). Məşhur alman alimi, Nobel mükafatı laureatıdır. O, xolera xəstəliyi, Sibir xorasını və vərəm çöpünü kəşf etmişdir. Robert Kox 1905-ci ildə "vərəm xəstəliyinin öyrənilməsi və müalicəsində əldə etdiyi nailiyyətlərə görə" Tibb sahəsi üzrə Nobel mükafatına layiq görülmüşdür.

 

İlya İliç Meçnikov (1845-1916). İmmun sistemi üzərindəki araşdırmaları ilə tanınan və Nobel mükafatına layiq görülən yəhudi əsilli rus alimdir.1882-ci ildə o, “faqositoz” fenomenini kəşf etmiş və immunitetin faqositar nəzəriyyəsini inkişaf etdirmişdir. Yerli mikrobiologiyanın yaradıcılarından biridir. Meçnikov təbii müdafiə mexanizmləri, yoluxucu xəstəliklər, embriologiya üzərində də işlər aparmışdır.

 

Paul Erliş (1854-1915). Alman həkim, immunoloq, bakterioloq, kimyaçı və kimyaterapiyanın banisidir. Kimyәvi terapiyanın banisi, Nobel mükafatı laureatıdır. Əsas әsәrlәri biokimya, dәrman maddәlәrinin kimyası, eksperimental patologiya vә terapiya, habelә immunitet üzrәdir. Qan leykositlәrinin müxtәlif formalarını tәsvir etmiş, qanyaranmada sümük iliyinin vә limfoid orqanların әhәmiyyәtini göstәrmişdir. Bәzi infeksion xәstәliklәrin kimyәvi preparatlarla müalicә üsullarını işlәyib-hazırlamışdır. İlk olaraq müalicә preparatlarına qarşı mikroorqanizmlәrin davamlılıq qazanmaq şәrtini müәyyәn etmişdir.

 

Karl Landsteiner (1868-1943). Avstriya-Amerika bakterioloqu və immunoloqu olub. "İnsan qan qruplarının kəşfinə görə" Nobel mükafatı (1930) almışdır.

 

Aleksandr İvanoviç Oparin (1894-1980). Yer üzündə həyatın abiotik komponentlərdən yaranması nəzəriyyəsini yaradan sovet bioloqu və biokimyaçısıdır.

 

Fransis Harri Kompton Krik (1916-2004). İngilis fiziki, molekulyar biologiyanın banilərindən biridir. Əsas əsərləri nuklein turşularının quruluşunun öyrənilməsinə həsr edilmişdir. O, Ceyms Uatsonson ilə birlikdə "Nuklein turşularının molekulyar quruluşu və canlı materialda məlumat ötürülməsi üçün əhəmiyyətinə dair kəşflərinə görə" 1962-ci ildə Fiziologiya və Tibb üzrə Nobel Mükafatına layiq görülmüşdülər. Krik nəzəri molekulyar bioloq olması DNT-nin sarmal quruluşunu ortaya çıxarmaq ötrü əlaqəli araşdırmalar aparmasında mühüm rol oynadı. Məlumat nuklein turşularından (DNT və ya RNT) zülallara ötürüldükdə, nuklein turşularına geri dönə bilməyəcəyi fikrini ümumiləşdirmək üçün "mərkəzi dogma" ifadəsini istifadə etməklə məşhurdur.

 

Ceyms Uotson (1928). Amerikalı biokimyaçıdır. Əsas əsərləri zülal sintezinin və DNT strukturunun öyrənilməsinə həsr edilmişdir. Uotson 1950-ci illərdə Fransiz Krik ilə apardığı araşdırma ilə DNTnin cüt spiral quruluşunu aşkar edərək Nobel Mükafatını almışdır.

 

Aleksandr Fleminq (1881-1955). Penisillini kəşf edən şotland əsilli Böyük Britaniya bakterioloqudur. 1945-ci ildə Ernst Çeyn və Hovard Flore ilə birlikdə fiziologiya və ya tibb sahəsində "penisilinin kəşfinə və bir çox yoluxucu xəstəliklərdə müalicəvi təsirinə görə" Nobel mükafatı almışdır.