Nağıllar, hekayələr

Şamama. Ləzgi xalq nağılı

Bir kənddə bir qoca ilə bir qarı yaşayırdı. Onların evində iki qız böyüyürdü. Qızlardan biri qarının, o biri qocanın idi. Qocanın qızı gözəlliyi, xoş xasiyyəti və zəhmətkeşliyi ilə seçilirdi. Qarının qızı isə dalaşqanlığı və tənbəlliyi ilə tanınırdı. Qarı doğma qızlını daim əzizləyər, ögey qızına isə göz verib, işıq verməzdi.


Bir gün qarı qocaya əmr elədi:


- Qızını hara istəyirsən apar, təki gözüm onu görməsin. 


Qoca xurcununa bir şamama qoyub peşman halda qızını da götürüb evdən çıxdı. Onlar bir xeyli yol gedəndən sonra kəndin qurtaracağındakı tarlaya çatdılar. Oturub yorğunluqlarını almaq qərarına gəldilər. Qızının yuxuya getdiyini görən qoca şamamanı onun yanında qoyub evə qayıtdı. 


Bir azdan qız oyandı. Gördü ki, tarlada tək-tənhadır, yanında isə balaca bir yemiş var. O acı-acı ağladı. Bu vaxt bir dəstə qarğa onun başı üstündə dövrə vurmağa başladı. Onlar qarıldaşdılar: 


 - De görüm, sən quşcuğazsanmı?


- Hə, mən yazıq quşcuğazam, - deyə qız cavab verdi. 


Bu sözləri eşidəndə qarğalar ona toxunmayıb, uçub getdilər. 


Qız şamama ilə oynamağa başladı. Sonra ona dedi:


- Ah, şirin yemiş, səni yeyim, yeməyim? 


Şamama dil açdı:


- Yaxşısı budur, məni yerdə diyirlə. 


Qız onun sözünə əməl etdi. Birdən yemişin diyirləndiyi yerdə gözəl bir ev ucaldı.


Qız sevindi. Bir azdan o, şamamadan soruşdu:


- Ah şirin yemiş, səni yeyim, yeməyim? 


Şamama isə bu dəfə dedi:


- Məni tarla aşağı diyirlət.


Qız onun dediyi kimi elədi. Birdən onun qarşısında bir təndir peyda oldu. Onun içində indicə bişmiş çörək var idi. Qız ləzzətlə çörəyi yeyib, yenidən şamamanı oynatdı. Bu dəfə şamama diyirlənib tarla aşağı getdi və arabaya cevrildi. Arabada nələr yox idi: pal-paltar, süfrə, yorğan- döşək...


Qız onları evə daşıdı, çörəyin üstünü süfrə ilə örtdü. Sonra isə bəzənib çölə çıxdı. Yenidən şamamanı diyirlətdi. Bu dəfə şamama lap uzağa diyirləndi və gözəl bir xalçaya çevrildi. Elə bu vaxt bir gənc çoban oradan keçirdi. O, sevincək halda xalçanın üstündə oturdu. Xalça o saat göyə qalxdı və uçub düz qızın yanında aşağı endi. Çoban qızı görüb heyrətə gəldi:


- Sən kimsən, gözəl qız? – deyə soruşdu.


- Ögey anam məni evdən qovdu, doğma atam məni çöldə azdırdı. Bu balaca şamama isə məni aclıqdan və tənhalıqdan qurtardı. Üstəlik bu gözəl evi də mənə bağışladı, - deyə qız cavab verdi. 


Oğlan bir könüldən min könülə qıza aşiq oldu. Onlar evəndilər, balaca şamamanı isə pəncərənin qabağına qoydular. 


O vaxtdan aylar ötdü. Bir dəfə qarı qocaya dedi: 


- Get, heç olmasa qızının sümüklərini yığıb gətir. 


Qoca tarlaya yollandı. Burada gözəl bir ev ucalırdı. İçəridən onun qızı çıxaraq atasını hörmətlə qarşıladı, yedirib-içirib, hədiyyələrlə yola saldı. 


Qoca evinə qayıdanda şad və xürrəm idi. O, gördüklərini qarıya danışanda qarı qışqırdı:


- Yaramaz qoca, öz qızını ərə vermisən, mənim qızım isə evdə qarıyır. Tez ol, mənim qızımı da həmin tarlaya apar! 


Qarı qızı üçün şirin kökələr bişirdi və onu qoca ilə yola saldı. Qoca isə qızını başqa səmtə apardı. Bir xeyli yol gedəndən sonra onlar yorulub dincliklərini almaq üçün oturdular. Qız yuxuya gedən kimi qoca evə qayıtdı.


Bir azdan qız oyananda gördü ki, böyük bir tarlada tək-tənha qalıb. O, ucadan ağlamağa başladı. Səsə bir dəstə qarğa uçub gəldi. Onlar qarıldaşıb soruşdular: 


- De görüm, sən quşcuğazsanmı? 


Qız hirslənib onları əlləri ilə qovmağa başladı: 


- Rədd olun, lənətə gəlmiş qarğalar! Bunu görəndə qarğalar qızı dimdikləməyə başladılar. Ertəsi gün qarı ərini tarlaya göndərdi:


- Get, gör mənim qızım necə yaşayır. 


Qoca tarlaya çatanda gördü ki, qarının qızının ancaq sümükləri qalıb. O, sümükləri xurcuna yığıb evə gətirdi və arvadının qabağına atdı. Qarı acı-acı ağladı. Lakin artıq gec idi.