Nağıllar, hekayələr

Abdulla Şaiq. Şələquyruq

Qarasu kəndində Qırt-qırt xanım adlı bir toyuq və Şələquyruq adında bir xoruz var idi. Bunlar kəndin yaxınlığında bir qaratikan komasının altında yuva eləmişdilər və bir-birilə çox məhəbbətlə dolanırdılar. Qırt-qırt xanım hər gün bir yumurta yumurtlayırdı. Elə ki, yumurta çoxalardı, Şələquyruq onları səbətlərə doldurub şəhərdə satardı. Qırt-qırt xanım qızı Cik-ciklə birlikdə kənddə qalıb yuvalarına gözətçilik edərdilər. 

Şələquyruq satdığı yumurtaların puluna şəhərdən qırmızı köynək, güllü dəsmal və bir çox şeylər alıb gətirərdi. 


Bir gün yenə Şələquyruq şəhərə yumurta satmağa getmişdi. 

Qırt-qırt ağac altında eşələnirdi. Qızı Cik-cik xanım da otların ütündə bir çəyirtkəni tutmaqla məşğul idi. Axşamüstü idi... Günəş yavaş-yavaş saralmağa başlamışdı. Quşlar axşam nəğmələrini oxuyurdu. Qırt-qırt xanım çox səbirsizliklə Şələquyruğun yolunu gözləyirdi. Fikir edirdi ki, görəsən Şələquyruq yumurtaları yaxşı qiymətə sata bildimi? Onun üçün nəsə alıb gətirəcək? Arabir də başı üstündəki ağacda oxuyan quşun gözəl nəğməsinə qulaq asırdı. Quşun nəğməsi Qırt-qırt xanımı elə məşğul etmişdi ki, Şələquyruq onun yanında çıxmışdı. Birdən-birə qulağının ucunda "Quqquluqu" səsi gəldi. Qırt-qırt xanım ayağa qalxdı. Gördü ki, Şələquyruq çiynində dolu xurcun gülə-gülə ona baxır, Qırt-qırt xanım cəld irəli gedib, xurcunu Şələquyruğun çiynindən alıb, yerə qoydu. Hər ikisi şad oturdular. Cik-cik xanım da oynamaqdan qayıdıb gəldi. Atasının şəhərdən alıb gətirdiyi şeyləri görüb, sevincək yerə oturdu. Şələquyruq ona qırmızı və güllü bir dəsmal verib dedi: 

 

- Bax, qızım, bu güllü dəsmalı sənə almışam... 

Cik-cik xanım atasından razılıq edib, sevinə-sevinə dəsmalı başına bağladı. Qırt-qırt xanım da çox şad idi. Şələquyruğun aldığı qırmızı köynək, güllü dəsmal onun o qədər xoşuna gəlmişdi ki, gözlərini ondan ayırmaq istəmirdi. Şələquyruq şəhərdə gördüyü qəribə şeylərdən ona danışırdı. Qırt-qırt xanım təəccüblə qulaq asırdı; çünki şəhəri heç görməmişdi. Axırda Qırt-qırt xanım yalvardı ki, bu dəfə şəhərə gedəndə onu da özü ilə aparsın. Şələquyruq əvvəlcə razı olmadı, dedi ki: 

 

- Əgər sən də getsən, yuvamızda yumurtalara kim gözətçilik edər? 


Qırt-qırt xanım isə hər nə təhər olsa istəyirdi ki, bir dəfə şəhərə getsin. Axırda Şələquyruq razı oldu. 


Qırt-qırt xanım şadlığından yerlərə, göylərə sığmırdı. Hələ kiçik qızı Cik-cik xanım şadlığından sıçrayırdı. Qırt-qırt xanım cəld ocaq qaladı, yumurtaları bişirib səliqə ilə səbətlərə doldurdu. İyirmi yumurta da yuvada qoydular ki, şəhərdən qayıdandan sonra Qırt-qırt xanım kürt yatıb, balalar çıxarsın. 


Şələquyruq çox çalışqan idi. Hər səhər alaqaranlıqdan durar və yuvasının yanındakı ağaca çıxıb ucadan banlardı. Kənd əhli onun səsinə oyanar, hər kəs bir işlə məşğul olardı. Çobanlar sürülərini çöllərə, yamaclara otarmağa sürər, əkinçilər öküzləri qoşub cüt sürməyə gedərdilər. Biçinçilər oraq, çin götürüb taxıl və ot biçməklə məşğul olar, uşaqlar da çaylarını içib məktəbə vaxtında yetişməyə çalışardılar. 

Şələquyruq adəti üzrə o gün alaqaranlıqdan qalxıb, ağaca çıxıb ucadan banladı. 


Dan qaranlıq idi. Hələ günəş doğmamışdı. Dərələri, çölləri seyrək duman bürümüşdü. Şələquyruq və Qırt-qırt xanım Cik-cikin əlindən tutub yola düşdülər. 

Qırt-qırt çox şad idi, çünki ömründə heç şəhəri görməmişdi, ürəyində Şələquyruqdan razılıq edirdi. 


Gecədən şeh düşmüş yumşaq otların üstü ilə gedirdilər. günəş yavaş-yavaş doğur, al şəfəqlərini otların, çiçəklərin üstünə dağıdırdı. Quşlar ayılıb, yuvalarında gözəl-gözəl nəğmələr oxuyurdu; arılar, kəpənəklər vızıltı ilə çiçəklərə qonub, xortumları ilə güllərin şirəsini sormaqla məşğul idi. 


Bunların başı söhbətə elə qarışmışdı ki, yolun zəhmətini heç hiss etmədən az vaxtda şəhərə yaxınlaşmışdılar. 


Yarım saat sonra şəhərdə idilər. Təmiz, geniş küçələrdən, iri çamlı mağazaların, uca və gözəl imarətlərin önündən keçərkən Qırt-qırt çox heyrətlə baxır, gözlərini onlardan götürmək istəmirdi. Hər şey ona təzə və təəccüblü görünürdü. Hətta adamlar da ona başqa təhər görünürdü, onun fikrincə, bunlar heç kənddə gördüyü adamlara bənzəmirdi. Qırt-qırt xanım heyrət içində idi. Hər şey onun yadından çıxmışdı. Addımlarını indi yavaş-yavaş atıb gedir, arabir döyüküb, ona-buna baxan qızı Cik-cikin əlindən tutub çəkirdi. Şələquyruq da çox şad idi; çünki Qırt-qırt xanımın bilmədiyi şeyləri göstərib, ona qandırırdı. Bazara yetişdilər. Qırt-qırtın gözləri dörd oldu. Minlərcə alıcı və satıcıları görüb heyran-heyran baxırdı. Bir saat içində yumurtaları satdılar, sonra oradaca gördükləri, sevdikləri şeylərdən aldılar.
   Daha kəndə qayıtmaq lazım idi. Qırt-qırt və Cik-cik xanım şəhərdən heç ayrılmaq istəmirdilər. İstər-istəməz yavaş-yavaş şəhərdən çıxıb, kəndə tərəf yola düşdülər. 


Kənddə Səfər və Əkbər adında iki uşaq var idi. Bunlar çox nadinc və tərbiyəsiz uşaqlar idi. Şələquyruğun və Qırt-qırtın o gün şəhərə getdiyini bilmişdilər. Oynaya-oynaya Qırt-qırtın yuvasına gəldilər və otların arasında gizlətdikləri yumurtaları görüb, çox sevindilər. Səfər tez qaçıb evdən bir səbət gətirdi, yumurtaları səbətlərə doldurdu və bir-bir götürüb, havaya atıb-tutmağa başladı. Əkbər də istəyirdi ki, yumurtalardan alıb oynatsın, amma Səfər vermirdi. 

Axırda Əkbər acıqlanıb dedi ki: 

- O yumurtalardan indi ki, mənə vermirsən, mən də xortdana deyərəm səni yesin. 

Əkbərin anası şəhərə gedəndə ona bir qutu almışdı ki, ağzını açanda ilan başı çıxırdı. Əkbər qutunu cibindən çıxarıb dedi: 

- Bax, bu qutunun içində xortdan var, indicə ona deyəcəyəm ki, qutudan çıxıb səni yesin. 

Səfər irəli gəlib dedi ki: 

- Hanı? Görüm? 

Əkbər birdən-birə qutunun ağzını açdı, içindən qara ilan başı çıxdı. 

Səfər onu görüncə qorxusundan gözləri kəlləsinə çıxdı. Dal-dalı gedib səbətin üstünə yıxıldı, yumurtaların yarısı sındı. Üst-başı tamam yumurtaya bulandı. Səfər ağlaya-ağlaya yerindən qalxdı. 

Əkbər əllərini bir-birinə vurub, ona ucadan gülürdü. Gülməkdən ağzı qulaqlarına qədər çəkilmişdi. 

Səfərin ona acığı tutmuşdu, bilmirdi ki, nə ilə hayıf alsın. Axırda səbətdən bir yumurta götürüb Əkbərin burnunun üstündən vurdu. Yumurta dağıldı. Əkbərin üzü, başı bulandı. Bunu görüb Səfər bərkdən gülməyə başladı. Əkbər ağlayır və acığından bilmirdi ki, nə etsin. Yumurta üzünə çox bərk dəymiş və burnu yumurta boyda şişmişdi. Gözlərini başının ağrısından aça bilmirdi; həm də yumurta sarısı kirpiklərini elə örtmüşdü ki, gözlərini aça bilmirdi. Əkbər birtəhərlə üz-gözünü təmizlədi. Sonra Səfərin yaxasından tutub, savaşmağa başladı. Hər ikisi bir-birini boğur, üz-gözünü dırmaqlayırdı. Bir-birinin üst-başını cırıb dağıdırdı. Hər ikisi al qana bulaşmış olduqları halda, yenə də bir-birindən əl çəkmək istəmirdilər. Bir saat əvvəl bir-birilə dost olduqları halda, etdikləri yaramazlıqlara görə bir-birinin cəlladı olub, qan içməyə hazır idilər. Heç birisi o birisinin günahını bağışlamaq istəmirdi. Axırda hər ikisi taqətdən düşüb, üzləri cırılmış, al qana bulaşmış, libasları tikə-tikə olduqları halda evlərinə qayıtdılar. 

Şələquyruq və Qırt-qırt şəhərdən qayıdıb gəldilər, yuvalarını dağılmış və yumurtalarını oğurlanmış gördükdə, Qırt-qırt xanım ağlar səslə qışqırıb dedi: 

- Vay, yumurtalar yoxdur. – Yuvanın ağzında yerə oturub ucadan ağlamağa başladı: - Bu yenə o yaramazların işidir. Onların əlindən mənə rahatlıq yoxdur. Mən artıq burada qala bilməyəcəyəm. 

Şələquyruq zor-güc Qırt-qırt xanımı sakit etdi və tezliklə buradan başqa bir yerə köçməyə söz Verdi. Bir həftə orada qaldılar, artıq başqa yerə köçəcəkdilər. Qırt-qırt xanım çox şad idi.

Ətəklərini çırmayıb ocaq qaladı, yola çıxmaq üçün bir az yumurta bişirməyə məşğul oldu. Şələquyruq da bir daş üstündə oturub, ona təzə bəyəndiyi yuvanı tərif edirdi. Qırt-qırt xanım deyirdi: 

- Hər necə yuva olsa razıyam, kaş ki, bu insafsız yaramazlardan uzaq olsun. 

Şələquyruq onu inandırırdı ki, təzə yuvaları həm uzaq, həm də elə bir yerdədir ki, heç kəs xəbər tuta bilməyəcək.    Cik-cik xanım da arabir onların söhbətinə şərik olub, sevinə-sevinə soruşurdu: 

- Ata, o yuvamızın da yanında belə gözəl ağaclar, otlar, çiçəklər varmı? 

Şələquyruq: 

- Qızım, var, - deyə Cik-cikə ürək və təsəlli verirdi. 

Bir saat sonra orada Şələquyruqdan, Qırt-qırt və Cik-cik xanımdan bir əsər yox idi. Oba köçüb, yurdu qalmışdı. Həmişə Cik-cik xanım "cik-cik"i ilə, Qırt-qırt xanım "qırt-qırt"ı ilə, Şələquyruğun "quqquluqu" səsi ilə şən görünən yuva, o ağaclıqlar, yaşıllıqlar indi sakit və qəmgin-qəmgin durur, guya onların getməsindən göz yaşları töküb ağlayırdılar. 

Hətta bir neçə gün sonra Səfər, Əkbər də gəlib onların yuvasını bomboş görüncə qəmgin olmuşdular. Tutduqları işdən peşman olub, məyus halda qayıtmışdılar. Amma etdikləri bu insafsızlıq heç onların yadından çıxmır və Şələquyruğun dağılmış yuvasının yanından keçə bilmirdilər. Sanki Şələquyruq onların ətəyindən tutub dartır və acıqlı səslə deyirdi: "İnsafsız uşaqlar, mən sizə nə etmişəm? Nə üçün mənim yuvamı dağıtdınız? Nə üçün yumurtalarımı oğurladınız, zəhmətimizi, əməyimizi puç etdiniz? Nə üçün, deyin görüm nə üçün?"