Təbiət

Dəbilqəli kalao

Dəbilqəli kalao (Rhinoplax vigil) – kərgədan buynuzunu xatırladan dimdiyə sahib olan və xarici görünüşcə bir qədər Yura dövrünün quşlarını xatırladan, qeyri-adi və ağlasığmaz görünüşlü bir quşdur. Kərkədan-quşlar fəsiləsinin bir cinsidir. Malay yarımadası, Sumatra və Borneoda yayılmışdır.

 

Quş adını, alnın dibindən başlayan və dimdiyin düz ortasına kimi uzanan nəhəng, tamamilə sümükdən olan bərk “dəbilqə”yə görə almışdır. Dəbilqənin çəkisi quşun ümumi çəkisinin 10% -ni təşkil edir. Dəbilqəli dimdiyi parlaq narıncı rəngdədir.

 

Yalnız bədəninin (quyruğu istisna olmaqla) uzunluğu 1,19 metrə qədər ölçülür. Quşun bədəninin yuxarı hissəsi qəhvəyi və tünd qəhvəyi rəngdədir, qarın nahiyəsi ağdır. Tünd rəngli qanadlarının və ağ quyruğunun ucları – ağlı-qaralı zolaqlarla örtülüdür. Boyunu lələksiz, qırışlıdır, erkək fərdlərdə qırmızıdır (bir qədər kondorun başını xatırladır), dişi fərdlərdə isə firuzəyi rəngdədir. Əsasdan ortasına qədər dimdiyi qırmızı və ya narıncı, ikinci yarısı isə sarıdır.

 

Bununla belə, dəbilqəli kalao təkcə görünüşü ilə deyil, həmçinin səsi ilə də heyrətləndirir. Maniakal gülüşə çox bənzəyən səsə sahibdir.

 

Kalao quşları dəbilqələrinə görə tez-tez qara bazar dilerlərinin qurbanı olurlar. Bundan əlavə, quşlar Cənub-Şərqi Asiya meşələrində  yaşayış yerlərini itirmək riski ilə üzləşirlər.

 

Dəbilqəli kalaoya əvvəllər Sinqapurda rast gəlinmişdir, lakin hazırda nəsli kəsilmiş hesab olunur. Dəniz səviyyəsindən 1500 metrə qədər hündürlükdə hündür gövdəli həmişəyaşıl meşələrdə yaşayır.

 

Dəbilqəli kalao ərazi quşudur. Böyüməmiş fərdlər kiçik qruplarda yaşaya bilər, cütlər isə öz ərazilərini canfəşanlıqla müdafiə edirlər. Döyüşlər tez-tez havada erkək fərdlər arasında baş verir. Bəzən rəqiblər o qədər canfəşanlıqla vuruşurlar ki, praktik olaraq yerə yıxılsalar da, bir-birlərinə zədə yetirməyə davam edirlər.

 

Digər buynuzlu quşlar kimi, dəbilqəli kalao da ağacların boşluqlarında yuva qurur. İnkubasiya dövründə erkək çuxurun girişini palçıqla möhürləyir və dişiyə qida ötürmək üçün kiçik bir dəlik buraxır. Cücələr yumurtadan çıxan kimi dişi “möhürü” içəridən dağıdır və balaları ilə birlikdə yuvanı tərk edir.

 

Kalaonun qida rasionunu meyvələr, xüsusilə də əncir təşkil edir. Bununla belə, kiçik məməlilər, ilan, hətta başqa buynuzlu quşların balalarını yemək fürsətini əldən vermir.