Şeirlər

Mina Rəşid. Ailə albomu

Bizim də evimizdə
Ailə albomu var.
Ona baxanda sanki
Hamı yanımda olar.

 


Bax, bu mənim babamdı,
Bu da sevimli nənəm.
Nənəm nağıl deyəndə
Ən çox sevinən mənəm.

 


Bu əmim, bu bibimdi,
Bu da xalamla dayım.
Mən kənddə keçirəcəm
Dayımla gələn yayı.

 

Sabah doğum günündü-
Anam dedi, üzülmə.
Albomdan çıxıb hər kəs
Sabah gələcək bizə.