Şeirlər

Rəsul Rza. Gilavar

Gəzib-gəzib dərələri, düzləri,
nə durub, nə dincəlmisən, gilavar!  
Vətənimin bu mehriban qoynuna
xoş gəlmisən, gilavar!

 

Fəsil-fəsil dəyişdikcə havalar
könlümüzdə nəğmə desin ilk bahar.
Sən də qoşul bu nəğmənin səsinə,
gilavar, ay gilavar!

 

Hərdən xəyal bir qanadlı quş olur,
həzin, coşğun nəğmələrə qoşulur.
Yüz möhnəti bir sevinclə əridər
insan ömrü xoş olar.

 

Buz bağlasa axar sular, bulaqlar -
könlümüzdə nəğmə desin ilk bahar.
Sən də qoşul bu nəğmənin səsinə,
gilavar, ay gilavar!

 

Hansı igid çətin yolda qocalar?
İnsan oğlu zəhmətilə ucalar!
Sən də qoşul nəğməmizin səsinə,
gilavar, ay gilavar!