Nağıllar, hekayələr

Elçin Əfəndiyev. Ayıca

Ayıca Aysunun ən birinci dostu idi.


Ayıca ayı balasının adı idi. Axı, Aysu hələ sözləri düz deyə bilmirdi... Sözlərin orasını əyirdi, burasını əyirdi, özündən cürbəcür sözlər quraşdırırdı. Bu ayı balasına da əvvəlcə: «A-a-a!» – dedi, sonra: «Yı-yı-yı..» – dedi, sonra:
«Ca-ca-ca!..» – dedi. Sonra həmin «a»lar, «yı»lar», «ca»lar bir yerə yığılıb oldular nə?


Düzdü! «Ay-yı-ca!..».


– Ayıca!.. Ayıca!.. Ayıca!..


Ayı balasının adı da, bax, bu cür oldu Ayıca.


Bu ayı balasının sarı-kürən tükləri var idi, özü də həmişə gülürdü.


Ayıca o qədər böyük idi ki, lap Aysudan da böyük. Amma elə də yüngül idi ki, lap yüngül. Aysu onu qucağına götürürdü. Axı, bu ayı balası əslində pambıqdan idi...


Bu hadisə çoxdan olmuşdu, lap, lap çoxdan, düz altı gün bundan qabaq. Onda gün çıxmışdı. Aysugilin kənddəki evlərinin qabağında çəmənlik var idi. O çəməndəki güllər, çiçəklər gecənin sərinindən sonra, günün altında
qızınırdılar. Aysu Ayıcanı qucağına alıb çəmənə çıxdı. Çəməndəki güllər, çiçəklər, otlar hamısı başını qaldırıb günəşə baxırdı. Bu güllərin, çiçəklərin, otların o qədər cürbəcür rəngi var idi ki, heç Aysunun bu qədər rəngli karandaşı yox idi: qırmızı, narıncı, sarı, yaşıl, xurmayı, məxməri, qızılı, göy, qəhvəyi, gümüşü, ağ, qızılı...


Aysu Ayıcanı yamyaşıl otların üstündə oturtdu. Özü isə güllərin, çiçəklərin arasında bu güldən o gülə, o güldən bu gülə tərəf qaçdı və qaça-qaça heç özü də bilmədən necə oldusa, birdən-birə uzun cümlələr deməyə başladı:


– Oy, nə qə... qə... qəşəng gül!..


Bu sözləri Aysu iri qırmızı gül üçün dedi.


– Oy, nə qə... qə... qəşəng gül!


Bu sözləri balaca sarı çiçəklər üçün dedi.


Aysunun yaş yarım yaşı var idi və ömründə birinci dəfə idi sözləri bir-birinin ardınca bu cür səliqə ilə düzürdü, lap böyüklər kimi danışırdı:


– Oy, nə qə... qə... qəşəng gül!..


Bu sözləri xırdaca mavi çiçəklər üçün dedi. O xırdaca mavi çiçəklər salxım-salxım idi.


Aysu beləcə, güllərdən güllərə qaçdı:


– Oy nə qəşəng gül!..


– Oy, nə qəşəng gül!..


– Oy, nə qəşəng gül!..


Bu vaxt ağappaq böyük gülün üstündən bir kəpənək uçdu. O kəpənəyin sapsarı qanadları günün altında sarı işıq kimi işıldayırdı. Sarı qanadlarında qıpqırmızı, gömgöy xallar var idi və o qıpqırmızı, gömgöy xallar da günün altında qıpqırmızı, gömgöy işıq kimi işıldayırdı. O sarı kəpənək də uça-uça bu güldən o gülə, o güldən bu gülə qonmağa başladı. Aysu o qıpqırmızı, gömgöy xallı sarı kəpənəyə baxdı, baxdı və dedi:


– Oy, nə qəşəng kə... kə... kəpənək!..


Birdən o gözəl çəməndə, günün qızdırdığı o işıqlı, sakit çəməndə kimsə bərkdən ağladı.


Aysu dayandı, o tərəfə baxdı, bu tərəfə baxdı: çəməndə heç kim yox idi. Bəs, bu gözəl gündə, bu qəşəng güllərin, çiçəklərin arasında kim beləcə ağlayırdı?


Necə? Ola bilməz!..


Aysu tez Ayıcanın yanına qaçdı.


Hə, hə... Sən demə, o gözəl çəməndə o cür bərkdən ağlayan Ayıca idi...


Aysu tez Ayıcanın yanında oturdu və bu dəfə də ömründə birinci dəfə sözləri bu cür yan-yana düzdü:


– Sənə... nə... olub... Ayıca?


Ayıca qalın və yumşaq pəncələri ilə ağlamaqdan qızarmış gözlərini ovuşdura-ovuşdura dedi:

 

– Hamı qəşəng... Güllər qəşəng... Kəpənək qəşəng... Bəs... Bəs mən? – Və Ayıca lap bərkdən ağladı.


Aysu:


– Sən də qə... qəşəngsən, Ayıca! – dedi.


Aysu Ayıcaya da bu sözləri birinci dəfə deyirdi. Sonra bu sözləri elə dedi ki, çəməndəki bütün güllər, çiçəklər, otlar, kəpənəklər eşitdi!


– Sən də qəşəngsən, Ayıca!


Elə bil, bu sözləri Günəş də eşitdi!


Ayıca pəncələrini üzündən çəkdi, Günəşə baxdı və o ayı balasının gün işığında parıldayan gözləri yenə də əvvəlki kimi güldü. Sonra Ayıca gülümsəyən yaş gözləri ilə Aysuya baxdı və burnunu çəkə-çəkə dedi:


– Sən də qəşəngsən, Aysu!..


Sonra Aysu Ayıcanı qucağına aldı və onlar gözəl güllərin, çiçəklərin arası ilə gəzə-gəzə evə gəldilər...