Şeirlər

Xəlil Rza Ulutürk. Dədə Heydər-Atatürk

Azadlıq Allahı tək əyləşib öz yerində,
Yerin-göyün nuru var peyğəmbər gözlərində.
Sadəliyi nur saçır, əzəməti dərində.
Gedir polad çiyində
Kəpəz, Qoşqar boyda yük.
Dədə Heydər – Atatürk!

 


Dərin mavi gözləri sakit yanan od-ocaq,
Alovunda satqınlar yanacaq, kül olacaq.
Qaranlıqda işıqlar – o işığa yol açacaq.
Məsləki varlığımdan böyükdür,
min qat böyük,
Böyüklük heykəlidir
Dədə Heydər – Atatürk!

 


Dörd tərəf qar, sərt qış – o, gülü yazdır,
Dinc, mülayim səsi də qaynar bir ehtirasdır.
Ərzurumdan Xəzərə Şığıyan Xan Arazdır.
Dalğasında dönüklər
ağ köpükdür, boz köpük.
Dalğalanır nəhr tək
Dədə Heydər – Atatürk!