Təbiət

Akvarium ilan balığı, Kalamoixt kalabar

Kalamoixt kalabar (Erpetoichthys calabaricus), başqa adla desək Akvarium ilan balığı - ekzotik balıqların ən populyar növlərindən biridir. Erpetoichthys cinsinə aid balıq növüdür. 


Bu ailənin nümayəndələrinə çox vaxt “canlı tapıntı” deyirlər, çünki növün əcdadları planetdə 40 milyon ildən çox əvvəl meydana gəlmişdir. 


Kalamoixta əsasən ilan balığı deyilir. Buradakı oxşarlıq təkcə bədənin ilana bənzər quruluşunda deyil, həm də bədənin yuxarı hissəsində açıq yaşıl və ya qəhvəyi rəngdə olan “almaz formasındakı” bərk pulcuqlardadır. Döş üzgəcləri isə narıncı və ya sarıdır. Döş üzgəclərin başın yaxınlığında yerləşməsi və qulaqlara bənzəməsi -  balığa olduqca gülməli bir görünüş verir. Uzunluğu 30 santimetrə çatır. Balığın ağzı Çin əjdahasına bənzəyir. Məhz görünüşünə görə bir çoxları ilk dəfə görəndə onu ilanla qarışdırırlar.


Akvarium ilan balığı həmçinin  güclü qanoid pulcuğun və əlavə tənəffüs orqanlarının olması ilə xarakterizə olunur. Balığın başındakı çıxıntılar isə “hiss etmə” (toxunma) orqanlarıdır. 


Vəhşi şəraitdə şirin suyu və yavaş axınları olan isti sularda, eləcə də durğun su hövzələrində yaşayır. Bu su hövzələri aşağı oksigen tərkibi ilə xarakterizə olunur. Balıqlar belə çətin şəraitdə əlavə tənəffüs orqanı sayəsində, yəni tənəffüs sisteminin bənzərsiz quruluşuna görə sağ qalır. Əsasən Qərbi Afrika sularında yayılmışdır. 


İlanbalıqlar çox maraqlı və olduqca dinc akvarium sakinləridir. Bədənlərinin uzunluğuna baxmayaraq, balıq su dibində yavaş hərəkət edir və hiyləgərcəsinə bitkilərin altından baxır. Onu seyr etməkdən uzaqlaşmaq çox çətindir. Kalamoixt balıqları qaçmağa meyllidir. Akvariumda saxlandıqda, akvariumun tamamilə bağlanması vacibdir, çünki kiçik bir boşluq onun qaçması üçün kifayət edəcəkdir.


İlan balığı əsasən gəcələr fəaldır, lakin müəyyən saatlarda müntəzəm qidalanma zamanı gündüz saatlarında da fəallaşır. Kalamoixt aktiv yırtıcı olmasına baxmayaraq, olduqca utancaq və qorxaq bir balıqdır, adətən sığınacaqlarda gizlənməyə üstünlük verir. 
Kalamoixt kalabar balıqları ləng inkşaf edir və çoxalır. Cinsi yetkinlik 2,5-3 ildən tez olmadan baş verir.


İlan balıqlarının təbii çeşidinə Anqola, Nigeriya, Kamerun, Benin və Konqo Respublikası kimi Afrika ölkələrində rast gəlmək mümkündür.