Nağıllar, hekayələr

Anar. İki dəniz

Bir dəfə mən qayalara gəzməyə çıxmışdım. Mən əzilib parçalanmış, eybəcər və qorxunc hala düşmüş qayalara baxaraq, onları bu şəkilə gətirən qüvvənin sirri haqqında düşünürdüm; gör dənizdə nə böyük qüvvə var ki, belə sərt daşları bu kökə sala bilmişdir. Bu qayalar Dənizin sahilə yolunu kəsmişdilər, ona görə də, Dəniz bu qayaları əzişdirirdi. O, qayaları gah çeynəyir, gah da zalımcasına şillələyirdi.


Dəniz bu qayaları aram, istirahət bilmədən təmkinlə və qüvvətlə döyürdü. O, döyürdü, çünki döyə bilmirdi, onun döyməyə haqqı vardı: o, azad idi v ə öz azadlığına mane ola biləcək hər şeyi döyməyə, əzməyə, parçalamağa hazır idi. Dəniz ta məhv edənəcən döyür, yox edənəcən əzir, dağıdanacan parçalayırdı.


Mən fikirli–fikirli qayaları gəzirdim. Birdən mən başqa bir dəniz gördüm. Bu dəniz böyük dənizin bir hissəsi idi. Amma bu dəniz azad deyildi. Bu dəniz hər tərəfdən qayalarla əhatə olunmuşdu. Orada, azad dənizdə dəli fırtınalar qopurdu. Bura isə sakitlik idi. Qayalar kiçik dənizi tufanlarından gizlədirdilər. Orada dalğalar bir-birinə sarmaşıb qayaların üstünə dağ boyda gəlirdilər. Burada dalğalar parça-parça, qırış-qırış... Əzgin, yoğrulmuş, çeynənmiş....

 


Orada külək dənizi qamçılayıb yerindən oynadırdı. Burada külək dənizi yuxa təkin oxloylayır, paltar təkin ütüləyirdi. Orada dəniz cilovsuz at kimi idi. Burda dalğalar örüşdən qayıdan qoyunlar kimi yavaş-yavaş, yorğun-yorğun, tənbəl-tənbəl gəlirdilər. Orada Dənizin qıvrıcıq saçlarını oynadan külək, burda xəbis bir hiyləgərlikqlə onun başını sığallayırdı. Bəlkə də onun başını mütiliyi üçün sığallayırdı. Orada dəniz gur tüklü, burada daz keçəl idi. Orada dəniz dəli bir ehtirasla qışqırırdı. Bura sükuta qərq olmuşdu. Orada dəniz qayaları cinnətməkçün onlara ləpə-dilini göstərirdi. Burada dənizin heç dili çıxmırdı, dili elə bil qarnına girmişdi, elə bil dili yoxdu.

 

Deyirlər ki, çox əvvəllər bu qayalar yox imiş. Kiçik dəniz böyük azad dənizin bir hissəciyimiş. O da fırtınaların səsinə səs verərmiş. Lakin bir gün dəhşətli zəlzələ oldu. Qayalar tökülüb yığılaraq kiçik dənizin yolunu qaladılar; kiçik dəniz öz qismətiylə razılaşdı. O, susurdu. Uzun illərdən bəri susurdu. Çoxdan susurdu. Bu sükutda nə isə qorxunc bir şey var idi. Bu sükut deyir ki, günlərin bir günündə... Bəli, ay keçər, il dolanar, bir gün gələr və bu gün nə isə olar. Zəlzələmi, tufanmı, ya da bəlkə vulkan püskürtüsümü? Bəlkə də heç bizim ağlımıza gətirmədiyimiz, təsəvvür etmədiyimiz bir şey. Kim bilir?

 


Ancaq hər halda bir gün, günlərin bir günündə nə isə bir şey olacaq v ə o gün kiçik dəniz üsyan edəcək, böyük dənizlə birləşəcəkdir.


Bəli, birləşəcəkdir! Mütləq birləşəcəkdir!