Nağıllar, hekayələr

Süleyman Sani Axundov. Uşaqlıq həyatımdan xatirələr

Uşaq bir qədər özünü anladıqda hər şeyin sirrini bilmək istəyir. O zaman uşağın köməyinə ana çatır. Çünki birinci növbədə uşaq sualı ona verir. Doğrudur, uşağın hər sualına cavab vermək çətindir. Lakin analar mümkün olan qədər cavab verib onu sakit etmək istəyirlər. Mən də anama çox sual verərdim. Bir dəfə anam ilə bağımızda idim. Cırcırama aramsız cırıldayırdı.

 

- Ana, o cırcırama nə deyir? - deyə sual etdim.

 

- Oğlum, o cırcırama deyir ki:

 

Qarışqacıq - quruşqacıq

Mənə dedi, qarışqacıq.

Dedi, dedi, dedi, dedi.

 

Mən anamın bu cavabına xeyli güldüm. Sonra o sözləri əzbərlədim. Cırcırama oxuyanda mən də ona qoşulub deyərdim:

 

- Qarışqacıq - quruşqacıq

Mənə dedi, qarışqacıq.

Dedi, dedi, dedi,dedi.

 

Səslərin ahəngi cırcıramanın oxumasına elə bənzəyirdi ki, sanki, doğrudan da, cırcırama o sözləri deyirdi.