Görkəmli şəxsiyyətlər

İsgəndəriyyəli Heron

İsgəndəriyyəli Heron (b.e. əvvəlində I əsr) -şpris, nasos, fəvvarə, avtomatik qapılar, yolların uzunluğunu ölçən cihaz, buxar turbinləri kimi zəruri əşyaların ixtiraçısı, öz dövrünün ən məşhur mühəndisi, İsgəndəriyyədə yaşamış yunan riyaziyyatçısı və mexaniki olub.

Təəssüf ki, orta əsrlərdə onun ixtiralarının çoxu unudulmuş və ya rədd edilmişdir.  


Heronun tərcümeyi halı üzün müddət müəmmalı olaraq qalmışdır. İllər boyu məşhur yunan riyaziyyatçısı və mexanikinin həyat illəri çox mübahisə mövzusuna çevrildi, lakin yenə də eramızın I əsrinin ikinci yarısına aid edilir. Dəqiq tarix məlum olmadığından, ixtisaslı tarixçilər və bioqraflar fərziyyələr irəli sürmüş və müxtəlif versiyalar hazırlamışlar. Bəzi tarixçilərə görə Heron Arximeddən sonra yaşamışdır. Habelə, Heronun əsərlərində özünü "Heron Ktesibiu" adlandırması tarixçilər arasında çaşqınlığa səbəb olmuşdur. Tərcümədə "Heron Ktesibios oğlu" alınması onun məşhur alim, bizim eranın III əsrində yaşamış Ktesibiosun oğlu olmasına şübhə yaratmışdır. Heron öz başqa əsərlərində ayın üzünün tutulmasından yazır ki, bu da onun bizim eranın əvvəlində yaşamasına bir işarədir. Çünki ayın üzünün tutulması hesablamalara görə bizim eranın əvvəlində, 62-ci il martın 12-də baş vermişdir. Onun Ktesibiosun oğlu olması qaranlıq qalmaqdadır. Tarixçilər güman edirlər ki, Ktesbios onun müəllimi olub. 


İsgəndəriyyə Heronunun ən mühüm sərvəti ondan sonra qalan kitablardır. Bu əsərlər təkcə müəllifin özünün yeniliklərini deyil, həm də digər qədim yunan kəşfiyyatçılarının bilik və kəşflərini təsvir edir. Heron gördüyü işlərinin nəticələrini "Pnevmatika", "Mexanika" , "Mudafiə maşınları", "Avtomatika" və "Ölçmə alətləri" əsərlərində təsvir etmişdir. Bundan başqa o "Ölçmə" (yun."Metrica") adlı həndəsə haqqında və "Güzgü" adlı optika haqqında iki kitab yazmışdır. Heron öz kitablarında nəinki Evklid və Arximedin işlərindən, həmçinin müəllimi Ktesibius haqqında da yazmışdır.


Heron dəqiq elmləri bütün qəlbi ilə sevib, onun düşüncələri tamamilə həndəsə, mexanika və optika üzrə olmuşdur. Onun ən məşhur ixtirası, XVIII-ci əsrdə buxar maşının əsası sayılan buxar püskürdücü maşın-Aeolipile olmuşdur. O, öz "Pnevmatika" kitabında bu maşının işləmə prinsipini belə izah edir: " Ocağın üstünə bir qazan qoy; iki tutqac arasında bərkidilmiş kürə fırlanacaq. İçərisində su olan və üstü qapaqla örtülmüş qazanın altında ocaq yandırılır. Kürə qazanla, əyilmiş boru vasitəsilə əlaqələndirilir. Borunun ucları tutqacda hərəkətli yerləşdirilir, onun digər ucu qazanla birləşdirilir. Kürəyə əyilmiş, bir- birinin əksinə yönəlmiş iki boru bərkidilir. Belə ki, borular tutqacları birləşdirən müstəviyə perpendikulyar yerləşdirilir. Qazan qızdıqda görmək olur ki, borular vasitəsilə kürəyə daxil olan buxar əyilmiş borulardan xaricə püskürdülür və kürə fırlanmağa başlayır, rəqs edən fiqurlarda olduğu kimi!"


Heronun düzəltdiyi buxar kürəsi "Aeolipile" adlanan, bizə məlum olan buxar maşınının işləmə prinsipi ilə eyni olub. Heron o dövrdə malik olduğu bilik əsasında buxar maşınını düzəltməyə qadir olub. Ancaq onun düzəltdiyi bu qurğular oyunçaqdan başqa bir maraq doğurmamışdır. Onun işləri uzun müddət çox kiçik oxucu dairəsinə məlum olduğuna baxmayaraq bu günə kimi gəlib çata bilmişdir. Orta əsrdə Heron Avropada renessans dövründə mühəndislər tərəfindən çox böyük maraqla öyrənilməyə başlamışdır. 
XVII əsrin 70-ci illərində, uzun müddət Çində, Pekində missioner kimi səyahətdə olmuş Ferdinand Verbiest 60 sm uzunluğunda buxar arabası hazırlamışdır. Onun arabası bir neçə santimeter olsa da yol qət edə bilmişdir. Worçesterli Markis (ingl. Marquis of Worcester) də Heronun buxar maşınının işləmə prinsipinə istinad edərək su üzərində hərəkət edə bilən buxar maşını düzəltməyə cəhd etmişdir. Bir çox mühəndislərin apardığı təcrübələrdən sonra, nəhayət 1765-ci ildə ingilis mühəndisi Ceyms Vatta çoxlarının arzuladığı buxar maşınını düzəltmək nəsib olur.


Müəllifin yuxarıdakı əsərlərinin heç də hamısı orijinal, müəllif variantında qorunub saxlanmamışdır. Məsələn, Heronun güzgüləri təsvir etdiyi əlyazma yalnız latın dilində mövcuddur.


İsgəndəriyyəli alim Heronun adı hələ də hər kəsin dilindədir və bu, təkcə onun ixtiralarına görə deyil. 1976-cı ildə Beynəlxalq Astronomiya İttifaqı Ayın uzaq tərəfindəki bir kraterə böyük fizik və riyaziyyatçının adını verdi və onu bütün zamanlar üçün əbədiləşdirdi.