Nağıllar, hekayələr

Tom Soyer və Hek Finn

Yüz il bundan əvvəl Amerikanın ucqar şəhərlərindən birində Tom Soyer və Heklberri Fini adlı iki oğlan yaşayırdı. Tom yaman uydurmaçı idi. O, bir yerdə qərar tuta bilmir, məkətbdə də, evdə də çox darıxırdı. Hekin isə heç evi də yox idi; o, çayın kənarında, köhnə bir çəlləyin içində yaşayırıdı. Hər gün müəllimindən aldığı kötəklər, müqəddəslər haqqıında darıxdırıcı əhvalatları əzbərləməyi məcbur edən ruhaninin moizəsi Tomun zəhləsini aparmışdı.


Tom Soyer və Hek Finn məşhur Amerika yazıçısı Mark Tvenin yazdığı “Tom Soyerin macəraları” və “Heklberri Finnin macəraları” povestlərininin qəhrəmanlarıdır. Yazıçının əsl adı Semüel Lenqhorn Klemensdir. Onun kitablarını bütün dünyanın uşaqları oxuyurlar. Bu kitablarda çoxlu maraqlı, şən əhvalatlar təsvir edilmişdir. Onları oxuyanda gülməmək olmur. Lakin bunlar, təkcə əyləncəli əhvalatlar deyil. Kitabı oxuyanda siz görəcəksiniz ki, bu iki oğlan insanların ədalətsizliyi ilə üz-üzə gələndə necə igidlik göstərirlər.


Günahsız bir adam həbsxanada oturub edamını gözləyərkən, uşaqların tanıdığı qatil azadlıqda gızir. Dostlar çətinliklə olsa da, günahsız adamı azad edə bilirlər. Sonra onların bəxti yaman gətirir! Tom və Hek böyük bir xəzinə tapırlar. Onların “səadəti” bütün şəhəri çaxnaşmaya salır. O yerdə ki, ancaq pula ehtiram bəslənilir, belə tapıntı adamı nəinki məşhur, həm də hörmətli edir. Bəs bizim qəhrəmanlar necə hərəkət edirlər? Hak deyir: “Mən murdar və cansıxıcı evlərdə yaşamaq istəmirəm!” tom Soyer də dostu ilə tamamilə razılaşır: o, dünyada hər şeydən  çox azadlığı və macəraları sevir. 


Bir gün Hek  adada ağasından qaçmış zənci Coya rast gəlir. Əlbətdə, Hek tərəddüdsüz ona xilas olmaqda kömək edir. Çətin dəqiqələrdə Tom da Hekə köməyə gəlir.


Haqqında danışdığımız kitablar çoxdan yazılmış olsalar da, bu gün də oxucular igid və fərasətli uşaqlara rəğbət bəsləyir, onların sərgüzəştlərini maraqla izləyirlər. 


Siz necə? Mark Tvenin dilimizə təcümə edilmiş həmin povestlərini oxumusunuzmu?