Təbiət

İqlim və onun əsas amilləri

Müəyyən ərazi üçün xas olan və ildən-ilə təkrarlanan hava tiplərinin çoxillik rejiminə iqlim deyilir. İqlim yaradan amillər aşağıdakılardır: atmosfer yağıntıları, havanın sirkulyasiyası (külək), günəş radiasiyası (işıq, istilik), atmosfer təzyiqi, havanın rütubətliyi, torpağın rütubətliyi, ərazinin mövqeyi, səth örtüyünün vəziyyəti və s.


İqlim hava şəraitinin bir-birini əvəz edən bütün müxtəlifliklərinin məcmusudur. Planetar miqyasda, zonalar daxilində mövcud olan iqlim makroiqlim adlanır. Müəyyən coğrafi landşaft üçün xarakterik olub, bir və ya bir neçə meteoroloji stansiyanın məlumatı ilə səciyyələndirilə bilən iqlim məhəlli iqlimi (mezoiqlim də adlanır), kiçik sahələrdə (tarla, yamac, təbii və süni göllər, sahil, şəhər və s.) havanın yer səthinə yaxın təbəqəsinin iqliminə isə mikroiqlim deyilir. Əsas iqlimyaradıcı proseslər isə atmosferin ümumi dövranı, həmçinin rütubət dövranıdır. İqlimə təsir göstərən coğrafi amillər-coğrafi en dairələri, relyef, dəniz səviyyəsindən hündürlük, quru və su səthinin paylanması, dəniz və okean axınları, bitki və torpaq örtüyünün xarakteri, qar örtüyü və havanın tərkibidir. Azərbaycanın düzənlik hissəsi qismən Aralıq dənizi və quru subtropik iqlim tiplərinə aid edilir. Dağlıq ərazinin iqlimi olduqca müxtəlifdir. Azərbaycan Respublikası ərazisində yarımsəhra və quru çöl iqlimindən dağlıq tundra iqliminədək 8 iqlimi tipi mövcuddur.


Müəyyən ərazidə kənd təsərrüfatı bitkilərinin istilik və rütubətlə təmin olunma dərəcəsinin müəyyən edilməsi, aqrotexniki qaydaların, meliorasiya tədbirlərinin əsaslandırılması, mikroiqlimin yaxşılaşdırılması, xarici mühitin məhsula təsiri məsələlərinin öyrənilməsində iqlimşünaslıq elminin böyük rolu var. Bölgənin iqlim şəraitini bilməklə baş verən iqlim anomaliyalarına (dəyişikliklər) qarşı qabaqlayıcı tədbirlər aparmaq mümkün olur. Hər hansı bir zonanın iqlim şəraitini bilməklə kənd təsərrüfatının ayrı-ayrı sahələrinin planlaşdırılması və düzgün yerləşdirilməsi mümkün olur.