Şeirlər

Baba Vəziroğlu. Son zəng

Yenə son zəng çalınır,

Həm sevincdi, həm kədər.

Göz önündə canlanır,

Xatirələr nə qədər...

Ürəkləri titrədir

Son zəngin kövrək səsi.

Kimə "xoş gəldin" deyir,

Kimə vida nəğməsi...

Səslən, ey məktəb zəngi,

Qoy sənin doğma səsin

Gələcəyə çağırsın

Azad, yeni bir nəsli...

Əlvida, doğma məktəb,

Alqış gələn səhərə.

Heç nə itmir dünyada,

Dönür xatirələrə...

Gələcəyə gedən yol

Yalnız məktəbdən keçər.

Dahilər də müəllim

Əllərindən su içər...

Bir gələcək gözləyir,

Bir keçmiş yola salır.

Hara uçub getsək də,

Qəlbimiz burda qalır...

İlk müəllim - ilk sirdaş,

İlk sevgi, ilk ayrılıq.

Son zəng son nöqtə qoyur,

Gəlin daha ayrılaq...