Nağıllar, hekayələr

Qaranquş əfsanəsi

Deyirlər ki, qədimdə bir padşah var imiş. Həmin padşahın gözünün ağı-qarası, ciyərparası Bahar adlı bir qızı var imiş. Nə gözəllikdə, nə də ağılda onunla bəhsə girməyə heç kim cəsarət etməzmiş. Hökmdarın sarayına bir-birindən hörmətli, bir-birindən dövlətli elçilər gəlir. Onlar padşahla qohum olmaq arzusunda olduqlarını bildirirlər. Ancaq padşahın qızı heç kimə könül vermir. Padşah haçandan-haçana öyrənir ki, Baharın onun qoyun sürüsünü otaran çobanından xoşu gəlir. Qızın şahlığa ləkə gətirən hərəkəti padşahı bərk qəzəbləndirir. Vəzir ağıllı tədbiri ilə hökmdarını sakitləşdirir:

 

— Qibleyi-aləm, səni yandıranı sən dondurmalısan. Öz yerini, öz həddini, öz tay-tuşunu tanımayan layiqli cəzaya çatmalıdır. Amansız qışın lap oğlan çağıdır. Geciksən, Bahar onu xilas edər.

 

Şahın əmrilə qoşundan bir dəstə ayrılır. Başda padşah və vəzir olmaqla yola düşürlər. Axşamdan yağan qar hər tərəfi ağ yorğana bürümüşdü.

 

Dəstə çətinliklə uca bir dağa yetişir. Birdən qorxulu bir çovğun başlayır. Çovğun getdikcə güclənir. Padşahın əmrilə çobanı sarıqdan açıb uca zirvədən dərin yarğana atırlar. Bu vaxt Baharın səsi onun qulağına gəlir. Bu səs ona hərarət, istilik, cəsarət verir. O, Allahdan quşa çevrilməsini, qanad açıb Bahara qovuşmasını arzu edir. Oğlan ağ qışla üz-üzə dayanan qara bir quşa çevrilir.

 

Bahar qışın da qənimi idi. Ona görə qış qara quşu sağ buraxmaq istəmir. Gərgin mübarizə başlayır. Qış çovğunu və şaxtanı daha da qüvvətləndirir. Padşahın dəstəsi tab gətirməyib məhv olur. Qara quş isə Baharın köməyilə amansız qışa qalib gəlir. Atıldığı zirvənin başına qonub məğlub olmuş qışa son dəfə baxır.

 

Qalib quşun sinəsində qarın bir damcısı qalır. Qara quş Bahara doğru qanad açmaq istəyəndə qış son qüvvəsini toplayıb əlini onun quyruğuna atır, iki lələk qopardır.

 

O gündən sinəsi ağ, quyruğu haça olan qara quşun adı qaranquş qalır.