Şeirlər

Xəlil Rza Ulutürk. Xırdalar

Qətiyyən baş qoşmaq istəmirəm mən
Cırtdan adamlara, cır adamlara
Heyhat, rast gəlirəm yollarda bəzən
Ayağa yapışan qır adamlara.

 

Tüfeyli sarmaşıq-liana kimi
Palıda,cökəyə dırmanır onlar
Gedirəm...
üstümə tullanır qəfil,
Boynumdan çiynimdən sallanır onlar.

 

Ürəyi xırdalar, gözü xırdalar,
Fikri, düşüncəsi, sözü xırdalar.
Xırdalar içində ömr etməyimiz
Qızıl olsaq belə bizi xırdalar.

 

Biri tərif edir,tərifi xırda.
Biri tənqid edir, tənqidi xırda.
Xırda şaiyə də,xırda öyüd də
Dənləyər,üyüdər bizi axırda.

 

Onun kimlyini,kəsafətini
Rütbəsi bəlkə də bir az bəzəyir.
Uzaqdan baxanda dağdı deyərdim,
Yaxında görərəm toza bənzəyir.

 

Xırda mikroblardan yaranır zədə,
Var ol, xırdalığı məhv edən, əzən
Heyhat, xırdalıqla mübarizədə
Böyük ürəklər də kiçilir bəzən.